Xarici ölkələrdəki ispandilli kütləvi informasiya vasitələrində fəaliyyət göstərən bir qrup jurnalist İsraildəki Azərbaycan diasporunun dəstəyi ilə Azərbaycana səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində xarici jurnalistlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, xarici işlər nazirinin müavini Fariz Rzayev, gənclər və idman naziri Fərid Qayıbov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüblər.
Qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Qarabağ həqiqətləri, Ermənistanın 30 illik işğal zamanı törətdiyi cinayətlər, dini-mədəni abidələri məhv etməsi, 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinə raket hücumları barədə ətraflı məlumat verilib.
Xarici jurnalistlər noyabrın 29-da işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. İki rayonun ərazisində Ermənistanın vəhşicəsinə törətdiyi dağıntıların və vandallıq aktlarının şahidi olan jurnalistlər foto və video çəkilişlər aparıb, Xudafərin körpüsündə və Zəngilanın Ağalı kəndində olublar. Onlara post-müharibə dövründə minaların təmizlənməsi, aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürüldüyü barədə müfəssəl məlumat verilib.
Qeyd edək ki, qrupun tərkibində “El Español” onlayn jurnalının, “La Vanguardia” (Barselona) və “La Razón” (Madrid) qəzetlərinin, “SIC”, “Mediaset España”, “La Vanguardia”, “Haaretz” media qurumlarının, “The Jerusalem Post Magazine” və “The Berlin Quarterly” jurnallarının əməkdaşları yer alıblar.