“Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib. Belə ki, ölkəmiz ənənəvi xam neft istehsalçısından etibarlı təbii qaz təchizatçısına çevrilib”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
“Avropanın ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin tikintisi başa çatdıqdan sonra Azərbaycan daha beş Avropa ölkəsinə təbii qaz tədarükçüsünə çevrilib. Avropanın enerji təhlükəsizliyinin misli görünməmiş çətinliklərlə üzləşdiyi bir vaxtda yeddi ölkə Azərbaycandan təbii qaz istehlak edir. Yaxın gələcəkdə bu rəqəm on Avropa ölkəsinə qədər artacaq”, – o qeyd edib.
Nazir vurğulayıb ki, təmiz mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet istiqamətindən birinə çevrilib:
“Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40%-ə endirməyi, Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonası yaratmağı öhdəsinə götürüb”.