Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budeyvi ilə görüş keçirib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə əlaqələrin yüksək səviyyədə oldugu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.
Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumlarının bu əlaqələrin daha da inkişafına öz müsbət töhfəsini verdiyi vurğulanıb.
Nazir regionda baş verən son proseslər barədə qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq bölgədə mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə olduğunu vurğulayıb və həyata keçirilən anti-terror əməliyyatının əsas məqsədinin də məhz bu qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğunu diqqətə çatdırıb.
Baş katib Azərbaycanın ərazi bürövlüyünün Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.