• Ça. Noy 26th, 2024

Xocalı sakini 31 il əvvəldən danışır: “Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi” – FOTO

ByYenigun.news

Fev 26, 2023

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev yaşadığı acı və dəhşətli günlərin xatirələrini “Report”un Qarabağ bürosuna danışıb.

Qeyd edək ki, Saday Rzayev Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonuna yazılanlardan biri olub. 1992-ci ilin fevralında şəhərin müdafiəsi yalnız yerli sakinlərin gücü hüsabına təmin edilirdi. Xocalı sakinləri əlavə qüvvələrin gəlməsi ümidi ilə şəhərətrafı səngərlər qazaraq müdafiəni möhkəmləndirməyə başlasalar da, bu, düşmənin zirehli texnikasının qarşısını ala bilməzdi.

“Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxtı orada olan Sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri varıydı. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank üzümlük deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı”.

Saday kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi.

“Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Mən komandirimiz Tofiq müəllimə dedim ki, bu, müharibə işarəsidir. İki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanır. Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdim. Qan su yerinə axırdı. Bu dəhşətli hadisələrin hamısı gözümün qabağında olub. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı qalan insanları şəhərdən çıxarmaqdır”.

Saday Rzayev deyir ki, dəhşətli gecədə düşmən əlinə keçən Xocalı sakinlərindən biri də onun 13 yaşı oğlu olub.

“Qarqar çayı vasitəsilə qaçmağa başladıq. Hardasa 200-300 nəfər canını qurtara bildi. Qalanları həyatını itirdi. Sakinlərdən əsir düşənlər oldu. Oğlum da daxil olmaqla, 35 nəfər evlərdən birinin zirzəmisində ermənilərə girov düşdülər. Xocalının işğalından 6 gün sonra bildim ki, oğlumu Milli Qəhrəman Allahverdi Bağırov bir neçə sakinlə birgə girovluqdan azad edib”.

31 il əvvəl Xocalıda olmuş hər bir azərbaycanlı bu günü 31 saniyə əvvəl olubmuş kimi xatırlayır. Hazırda onlar o acılı illərdən geri qalan xatirələrini, düşmən tapdağından azad edilərək abadlaşan Xocalıda yaşamaqla əvəzləmək istəyirlər. Xocalılılar doğma yurdlarına tezliklə qayıdacaqlarına inanırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir