• Ça. Noy 5th, 2024

Xorvatiya səfiri: “Biz kifayət qədər böyük miqdarda Azərbaycan neftini idxal edirik” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Yan 16, 2023

Azərbaycan iqtisadiyyatın inkişafında turizmi prioritet istiqamət hesab edir. 2020-ci ilin Vətən müharibəsindən və 30 ilə yaxın işğal altında olan ərazilərin azad edilməsindən sonra həmin regionlarda bu sahənin inkişafı əsas hədəflərdən biri kimi müəyyən edilib. Xorvatiyanın Azərbaycandakı səfirinin sözlərinə görə, iki ölkə arasında bu sahədəki əməkdaşlıq genişləndirilə bilər.

Ümumiyyətlə, rəsmi Bakı və Zaqreb arasında güclü iqtisadi və siyasi əlaqələr mövcuddur ki, bu əlaqələr 2019-cu ildə Xorvatiyanın Azərbaycanda səfirliyinin açılmasından sonra daha da möhkəmlənib.

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç “Report”a müsahibəsində iki ölkə arasında iqtisadiyyat və energetika sahəsində əməkdaşlıqdan, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində Xorvatiya şirkətlərinin rolundan, ikitərəfli əlaqələrin perspektivlərindən danışıb.

– Xorvatiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələri ümumilikdə necə qiymətləndirirsiniz? İki ölkə arasında ticari-iqtisadi tərəfdaşlıq necə inkişaf edir? Texnoloji əməkdaşlıq çərçivəsində hansı layihələr mövcuddur?

– Xorvatiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr daim inkişaf edir. Bu həm siyasi əməkdaşlığa, həm də ticarət dövriyyəsi və iqtisadi fəaliyyətə aiddir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi də var ki, bu da Azərbaycan üçün çox önəmlidir.

Xorvatiyanın Azərbaycandakı səfirliyi dörd il əvvəl açılıb. O zaman ölkələrimiz arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dollarına yaxın idi. 2022-ci ilin yalnız səkkiz ayı ərzində dövriyyə artıq 700 milyon ABŞ dollarını keçib. Ötən il üçün yenilənmiş, tam hesabat hələlik məndə yoxdur, çünki 2023-cü il hələ yenicə başlayıb, tam hesabat yanvarın sonunda olacaq, amma göstərici, çox güman ki, bir milyard ABŞ dollarından çox olacaq. Bu isə ümumi sərhədləri olmayan kiçik ölkələr üçün kifayət qədər böyük göstəricidir. Bu o deməkdir ki, Xorvatiya Azərbaycan üçün, Azərbaycan isə Xorvatiya üçün mühüm ticarət tərəfdaşıdır.

Azərbaycan üçün xüsusilə vacib olan odur ki, biz kifayət qədər böyük miqdarda Azərbaycan neftini idxal edirik, ticarət dövriyyəsinin 90%-dən çoxu Azərbaycan neftinin Xorvatiyaya ixracının payına düşür. Xorvatiyanın Azərbaycana ixracı da, məlum səbəblərdən Azərbaycandan idxalla müqayisə olunmasa da, artır. Dörd il əvvəl Xorvatiyadan Azərbaycana ixracat cəmi bir-iki milyon ABŞ dollar idisə, indi bu, yeddi milyon ABŞ dollarından çoxdur.

Texnoloji əməkdaşlığa gəlincə, İT şirkətlərimiz arasında yaxşı əməkdaşlığı qeyd etmək istərdim. Xorvatiya xarici bazarlara və xarici ölkələrlə əməkdaşlığa yönəlmiş kifayət qədər yaxşı İT şirkətinin olduğu ölkədir. Onlardan “Sedam IT” və “Span” şirkətləri Azərbaycanda aktiv fəaliyyət göstərirlər. Həmçinin “Sedam”ın törəmə şirkəti olan “Matison” Azərbaycanın tanınmış “Risk” şirkəti ilə uğurla əməkdaşlıq edir. Tezliklə onlar Azərbaycanın mobil operatorları üçün birgə ikinci layihəni tamamlayacaqlar. Biz bununla çox fəxr edirik, çünki bu, ikitərəfli əməkdaşlığın çox mühüm seqmentidir.

– Azərbaycanla Xorvatiya arasında energetika sahəsindəki əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

– Azərbaycan neftinin böyük idxalçısı olmağımızdan əlavə, uzun müddətdir fəaliyyət göstərən qaz layihəsi var – İon-Adriatik qaz kəməri (IAP). O, hələ həyata keçirilməyib, lakin Xorvatiya onu tam dəstəkləməkdə davam edir. Əminəm ki, Azərbaycan da. Bu layihə qazın Xəzər dənizindən Xorvatiyanın cənubuna çatdırılmasını təmin etmək üçün nəzərdə tutulub. Cənub Qaz Dəhlizi Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliya ilə birləşdirir. IAP layihəsinə görə isə Cənub Qaz Dəhlizindən Albaniyadan şimala – Monteneqroya, oradan isə Xorvatiyaya xətt çəkiləcəyi nəzərdə tutulur.

Bu layihə texniki cəhətdən mümkündür. Lakin hələlik onun tikintisi və keçəcəyi dörd ölkə – Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro və Albaniya arasında idarə olunması üzrə şirkət yaradılmayıb. Bu, Monteneqrodakı bəzi problemlərlə – boru kəməri marşrutu üçün yaşıl kartın (icazələrin) verilməsi ilə bağlıdır. Lakin onların tezliklə bu məsələyə baxacağını gözləyirik.

Bundan əlavə, Avropa Komissiyasının köməyi ilə də bununla məşğul ola bilərik, çünki bu qaz kəməri də Avropa İttifaqı (Aİ) üçün maraq doğuran layihələrin siyahısına daxildir, çünki Aİ qaz tədarükünü diversifikasiya etməyə çalışır. Bu baxımdan ümid edirik ki, yaxın vaxtlarda biz bu layihəni həyata keçirəcəyik.

– Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi işlərində Xorvatiyanın neçə şirkəti iştirak edir?

– Bildiyiniz kimi, Xorvatiya, təəssüf ki, Azərbaycanın indi yaşadığı eyni vəziyyəti yaşayıb – bizim minalanmış böyük ərazilərimiz var idi. Bu problemlə 25 ildən artıqdır, mübarizə aparırıq və Xorvatiyada hələ də təmizlənməli olan bəzi ərazilər var.

Təbii ki, biz bu tapşırığın böyük hissəsini uğurla yerinə yetirmişik və minalardan təmizləmə işlərində böyük təcrübəmiz var. Bu sahədə minatəmizləmə maşınlarının istehsalından tutmuş bilavasitə fiziki minatəmizləmə ilə məşğul olanlara qədər geniş təcrübəyə malik Xorvatiya şirkətləri fəaliyyət göstərir.

Bütün bunlar Azərbaycana yaxşı məlumdur, ölkənizin minatəmizləmə agentliyi ANAMA bir müddətdir, Xorvatiya tərəfi ilə əməkdaşlıq edir.

Onlardan biri minatəmizləmə maşınları istehsal edən “DOK-ING” şirkətidir. Onun texnikası Qarabağda işləyir və özünü çox yaxşı tərəfdən sübut edib.

Xarici şirkətlər tərəfindən minalardan fiziki təmizləmə məsələsinə gəlincə, bildiyimə görə, bu məsələ hələ də nəzərdən keçirilir. Hazırda Azərbaycan, əsasən, minatəmizləmə ilə özü məşğuldur, lakin düşünürəm ki, bu irimiqyaslı işin həyata keçirilməsi üçün xarici şirkətlərin cəlb edilməsi də planlaşdırılır.

Hesab edirəm ki, Xorvatiyanın “Piper” şirkəti Azərbaycanda minatəmizləmə işlərinə cəlb oluna biləcək şirkətlərdən biridir.

“DOK-ING” şirkətinin maşınlarla əlaqəli olmayan bölməsi də var, onlar minaların əl ilə təmizlənməsi, eləcə də bu məqsədlə təlim görmüş itlərin istifadəsi ilə məşğuldurlar. Deyəsən, Azərbaycan onlarla müqavilə bağlayıb və bu il Azərbaycana 10-12 xüsusi it gətiriləcək.

– Bu yaxınlarda verdiyiniz müsahibədə iki ölkə arasında kənd təsərrüfatı və qida sənayesində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu bildirmisiniz. Bu əməkdaşlığı necə təsəvvür edirsiniz?

– İki ölkə arasında bu sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmasına baxmayaraq, təəssüf ki, hələlik ciddi nəticələr yoxdur. Təbii ki, bu, potensialı araşdırılmalı və istifadə edilməli olan sahələrdən biridir. Bunun hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə üçün yaxşı mövzu olacağı tam mümkündür.

Biz Xorvatiyanın qida emalı şirkətlərinin Azərbaycan bazarına daxil olmasını hədəfləyirik, indiyədək bu, uğurlu olmayıb, lakin mən AZPROMO və Azərbaycanın digər qurumları ilə müntəzəm əlaqə saxlayıram. Xorvatiyanın kənd təsərrüfatı məhsullarının emalı və yüksək keyfiyyətli ərzaq məhsullarının istehsalı üzrə ixtisaslaşmış şirkətləri var ki, onlardan biri 100 ildən artıq tarixə malikdir, eyni zamanda Cənub-Şərqi Avropanın ən iri şirkətlərindən biridir və dünyanın 100-dən çox ölkəsinə məhsul ixrac edir.

– Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın işi barədə nə deyə bilərsiniz? Komissiyanın Bakıda keçirilməli olan növbəti görüşünün tarixi məlumdurmu?

– 2021-ci ildə Zaqrebdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclası keçirilib.

Növbəti, sayca üçüncü iclasın bu il Bakıda keçiriləcəyini gözləyirik. Hələlik tədbirin vaxtı müəyyənləşməyib.

Bu barədə bir neçə həftə əvvəl hökumətlərarası komissiyanın həmsədri olmuş sabiq mədəniyyət naziri Anar Kərimovla danışmışdım, amma bildiyiniz kimi, o, postundan ayrılıb, ona görə də Azərbaycan tərəfdən yeni təyinat gözləyirik.

Hesab edirəm ki, bu, hökumətlərarası komissiyanın növbəti iclasının qrafikinə təsir etməyəcək.

– İki ölkə arasında turizm sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı baxışınızı bölüşə bilərsinizmi? Xorvatiya Aİ-yə daxil olana qədər Azərbaycan vətəndaşı olan turistlər sizin ölkəyə vizasız səfər edə bilirdilər və bu, turist mübadiləsinin intensivləşməsinə töhfə vermişdi. Mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan və Xorvatiya turizm sektorunda əməkdaşlığı necə inkişaf etdirə bilərlər?

– Bu, 2023-cü ilin prioritetlərindən biridir. Dörd il əvvəl artıq bu məsələ üzərində fəal işləyirdim və nəhayət, müsbət nəticələr gözlənilən zaman COVID-19 pandemiyası başladı və bütün işlər dayandırıldı.

Amma ötən ilin sonunda Xorvatiya Turizm Şurasının nümayəndələri Bakıda olublar və bu il üçün əməkdaşlıq planının hazırlanması üçün bir neçə görüş keçiriblər.

Ümid edirəm ki, bu il, nəhayət, turizm sahəsində əməkdaşlığı bərpa edəcəyik. Bu həm də bu yay Xorvatiyanın müxtəlif bölgələrinə birbaşa çarter reyslərinin təşkili deməkdir. O zaman ölkələrimiz arasında turist axını indikindən qat-qat çox olacaq.

Ancaq bu, sualın bir hissəsidir. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan və Xorvatiya arasında turizm sahəsində əməkdaşlıq “nou-hau” və Xorvatiya təcrübəsinin ötürülməsi sahəsində də mümkündür.

Bildiyiniz kimi, Xorvatiya məşhur turizm istiqamətlərindəndir, hər il ölkəyə 20 milyona yaxın turist gəlir. Bilirəm ki, Azərbaycan da turizmi inkişaf etdirməyə çalışır, xüsusilə işğaldan azad edilmiş ərazilərdə. Ona görə də bu sektor əməkdaşlıq potensialına malik sahələrdən birinə və hökumətlərarası komissiyanın vəzifələri sırasında mühüm istiqamətə çevrilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir