• Ç. Noy 27th, 2024

Yad əbalı, əmmaməlilərin cəhdləri fiaskoya uğradı – ŞƏRH

ByYenigun.news

Apr 12, 2022

Azərbaycanın müstəqilliyinin ilk illərində və ondan sonrakı dövrdə ölkədə xarici dini-ideoloji çətir altında formalaşan təmayüllər özünü göstərdi.

Bu təhlükəli meyillər Azərbaycanda dünyəvi təhsil sisteminin dayaqlarını sarsıtmaq və multikultural dəyərlərin aşınması çağırışları ilə müşayiət olunurdu, lakin dövlət tədricən Azərbaycana xas olmayan ideologiyalara qarşı sistemli iş aparmağı qarşıya məqsəd qoydu.

Bununla belə, Azərbaycana ayaq açan yad ideoloji ünsürlər sürətlə öz ölçüsünü böyüdür və vətəndaşlar üçün cəlbedici ideyalara çevrilirdi.

Gənclərin dini təhsil almaq üçün İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrə üz tutmaları, onların bir çox hallarda destruktiv məzmunlu təriqət və məzhəblərin ideoloji təsirləri altına düşmələri isə vəziyyətin rəngini tündləşdirirdi.

Bununla da yad əbalı, əmmaməli “din xadimləri” və onların ətrafında olanlar xarici dairələrin məramına sorğusuz şəkildə itaətkarlıq nümayiş etdirirdilər.

Onların dini dünyagörüşünün təməlində dayanan ideya əxlaqı, mənəviyyatı təbliğ edən din xadimi obrazının çərçivələrini dağıdırdı, çünki həmin qruplar daha çox məzhəb maraqlarına uyğun peşəkar təbliğatçı kimi yetişmişdilər. Vəziyyət o həddə gəlib çatdı ki, onlar “cihad” çağırışlarına qoşularaq Suriyadakı, İraqdakı qanunsuz silahlı dəstələrin tərkibinə qatıldılar.

Ölkənin müstəqilliyi üzərində böyük təhdid dumanı yaradan bu hərəkat Azərbaycan dövlətini incə mexanizmlər üzərində effektiv nəticələr hasil edən addımlara təhrik etdi.

Baş verənlərin xronologiyasını sadalamaq istəməzdik, çox sadə şəkildə dövlətin təhdidlərə qarşı həyata keçirdiyi siyasəti belə təsnifləndirə bilərik:  

– Vicdan azadlığının qorunması prioritetlər sırasında saxlanıldı (Konstitusiyanın prinsipləri əsasında),

– Dini etiqad sahəsində qanunvericilik təkmilləşdirildi,

– Multikultural model ortaya qoyuldu,

– Ölkədə ali dini təhsilin inkişafı stimullaşdırıldı.

Prezident İlham Əliyevin 2018-ci ilin 9 fevralında imzaladığı sərəncamla Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.

Bu, xalqın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub-saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı milli kadrların hazırlanması baxımından səmərəli addımlardan biri oldu.

Bununla da Azərbaycanın xarici dini təhsildən asılılığı azaldı, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etməyi hədəflədi.

Bu ilin aprelin 11-də Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib.

Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı isə ölkəmizdə dini təhsilin inkişafına önəmin indikatorudur. Bu, həm də milli təhlükəsizliyin vacib elementi kimi nəzərdən keçirilir.

Qanunvericilik

Ölkə daxilində dini biliklər və düzgün maarifləndirmə gənclərin mənəvi təhlükəsizliyini gücləndirir, onlarda zərərli vərdişlərə qarşı mübarizlik yaradır, məzhəbçiliyi, dini radikallığı aradan qaldırır.

Dini dünyagörüşünün formalaşdığı məkanlardan biri də dini mərasimlərdir, buna görə də xaricdə dini təhsil alanların Azərbaycanda yas mərasimlərindəki iştirakı ilə bağlı müəyyən çərçivələr mövcuddur.

“Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsinə əsasən, dini ibadət, ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilir. 

Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Xaricdə dini təhsil də müstəqilliyin ilk illərindəki kimi xaotik deyil, bu məsələ tənzimlənir.

İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi cəza mexanizmi yaradır.

Bundan başqa, ölkədə dini ədəbiyyatın satışına da nəzarət edilir.

YEKUN:

1. Azərbaycanda milli özünüqoruma dini mühitin də sağlam təməllər üzərində inkişafı metodologiyasına söykənir. Bu, Avropa dövlətlərindəki kimi aqressiv cəhdlərə deyil, praqmatik yanaşmalara dayanır;

2. Azərbaycanın təqdim etdiyi model ölkənin beynəlxalq miqyasda nüfuz və mövqelərini gücləndirib və ölkəni dinlərarası, sivilizasiyalararası təmas mərkəzi vəziyyətinə gətirib;

3. Mövcud vəziyyət və dövlət rəhbərliyinin yürütdüyü siyasət dini konfessiyaların dinc yaşamasına şərait yaradıb;

4. Onlar arasında qarşılıqlı əlaqələr Azərbaycanın bütövlüyü və müstəqilliyi ideyaları əsasında inkişaf edərək özünün zirvəsinə çatıb;

5. Yad ideologiyaları təbliğ edərək milli məfkurəni həmin “zəhər”in içərisində boğmaq cəhdləri fiaskoya uğrayıb və dövlət təhlükəli tendensiyalara qarşı mübarizəni daim diqqət mərkəzində saxlayır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir