YAP-ın son qurultayında YAP sədri, Prezident İlham Əliyev deyib: “YAP-ın bu günümüz üçün zəruri olan uğuru, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində uğursuz bir səhifə kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Ölkəni xaosa, anarxiyaya, özbaşınalığa sürükləyən bu ünsürlər dövlət müstəqilliyimizi itirmək, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu”.
Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır. Partiyanın daha təkmil idarəetmə forması müəyyən olunmuşdur. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Partiyanın fəaliyyətinə müsbət təsir etmiş önəmli dəyişikliklər çoxdur. Qurultaydan sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.
YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. 2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 2021-ci il 29 noyabr – 01 dekabr tarixlərində YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Bundan əlavə, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.
Hafiz Cavadov,
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü