“Azərbaycan Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadəni təklif etmişdi. Nəhayət, 30 ildən sonra bu yol işə düşdü. Hazırkı tarixi hadisə Azərbaycan Prezidenti İlham Əliyevin növbəti qələbəsidir”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib. O qeyd edib ki, Ağdam-Xankəndi yolunun siyasi iradə hesabına açılması güc yolu ilə işə düşməsindən dəfələrlə çətin məsələdir:
“Hazırda Ermənistan rəhbərliyi və Qarabağda yaşayan ermənilər bir daha əmin oldular ki, istənilən böyük dövlətin və ya beynəlxalq təşkilatının israrı Azərbaycan Prezidentinin iradəsinə təsir edə bilməz.
Bu iradə isə ilk gündən istənilən ehtiyacın Azərbaycan tərəfi ilə razılaşdırmaqla və məhz Azərbaycanın ərazisindən keçməklə Qarabağa çatdırılmasını tələb edir. Bu tələb isə Azərbaycanın daxili işi və suveren haqqı kimi prinsipial məsələdir.
Ancaq Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndiyə çatdırılmasına Azərbaycanın dəstək verməsini ermənilər düzgün qiymətləndirməlidirlər. Onlar anlamalıdırlar ki, bu imkan Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə töhfə verən məsələdir”.
Kamal Cəfərov onu da qeyd edib ki, bu xoş niyyət Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun birgə açılması ilə bağlı irəli sürülən tələblə qarışdırılmamalıdır:
“Çünki Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndiyə çatdırılması fərdi razılaşmadır. İstənilən halda “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır”.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə yardım edilməsi qərara alınıb.
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir yük avtomobili Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində “Samur” buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Avtomobil bu gün səhər saatlarında Ağdam-Xankəndi yolundan keçərək, Xankəndiyə çatıb.
Aysel Aslan