• Şb. Noy 23rd, 2024

Yeni Dehlidə Azərbaycan və Hindistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib – FOTO

ByYenigun.news

Noy 29, 2022

Yeni Dehlidə Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmə keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan XİN-in Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Elnur Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq gündəliyinin formalaşdığını və münasibətlərin inkişafı üçün potensialın mövcud olduğunu bildirib.

Nazir müavini, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin təşviqi, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir