• Be. Noy 25th, 2024

Yük lifti, helikopter meydançası, müasir avadanlıqlarla təchiz olunan “Zərifə Əliyeva” gəmi-bərəsi – REPORTAJ

ByYenigun.news

Apr 28, 2022

Bu gün Ro-Pax tipli (Ro-Paks) “Zərifə Əliyeva” gəmi-bərəsi istismara verilib.

Gəmi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Ölkə başçısı gəminin açılış mərasimində iştirak edib. Daha sonra media nümayəndələri üçün media tur təşkil edilib.

“Zərifə Əliyeva” Ro-Pax tipli gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən “Azərbaycan” Ro-Pax tipli gəmi-bərə ilə eynidir. Gəmi-bərə ilə eyni anda 100 nəfər sərnişin, 56 ədəd sistern tipli vaqon və ya 50 ədəd yük avtomobili/TIR daşımaq mümkündür.

Məhz bu göstəricilərinə görə sözügedən Ro-Pax tipli bərələr Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən üstündür.

Gəminin 30 nəfər heyət üzvü var. Uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü 7.5 metr, sürəti isə 14 uzel (yəni, saatda 14 dəniz mili) olan, dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin stabilləşdirilməsi sistemi, dartıcı lokomotivlər mövcuddur.

Eyni zamanda gəmidə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Zərifə xanım Əliyeva haqqında foto və videolarla məlumatların əks olunduğu guşə hazırlanıb.

Yeni istismara verilən “Zərifə Əliyeva” gəmi-bərəsi də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə, yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verəcək.

Gəminin kapitanı, 5 il təcrübəsi olan lapitan Təhmiraz İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, bu gəmi digərlərindən müasirliyi ilə seçilir:

“Yeni noviqasiya, güc qurğuları ilə təchiz edilib. Bu, tək gəmi-bərələrdən yox, Xəzər dənizində olan gəmi-bərələrdən çox yükdaşıma xüsusiyyətləri ilə üstünlük təşkil edir. Gəmi 3 dəfə sınaq üzüşünüə çıxarılıb və nöqsansız tamamlanıb.

Noviqasiya sistemi qəza ilə bağlı məqamları öncədən gəmi sürücülərinə çatdırır və bu da baş verə biləcək qəzaların qarşısını almağa şərait yaradır”.

Hazırda Azərbaycan üzərindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını Bərə, Ro-Ro və Ro-Pax tipli gəmilər həyata keçirir. Bugün ASCO-nun donanmasında 13 ədəd bərə gəmisi, 2 ədəd Ro-Ro tipli gəmi və 1 ədəd Ro-Pax tipli gəmi fəaliyyət göstərir.

Hazırda ASCO dəniz üzərindən dəmiryolu vaqonlarının daşınmasını təmin edən Xəzərdə yeganə bərə operatorudur. Qeyd olunan donanma həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər üzərindən körpü rolunu oynayır və bu donanmanın fəaliyyətindən TransXəzər dəhlizi üzrə yükdaşımaları həyata keçirən bütün bazar iştirakçıları yararlanırlar. “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mövcud bərə donanmasının yükdaşıma potensialının artırılmasına imkan verəcək.

“Zərifə Əliyeva” adına gəmi – bərənin baş mexaniki Elçin Rüstəmov isə deyib ki, gəminin istismar qurğuları avtomatik və uzaqdan idarə olunur.

2013-cü ildə istifadəyə verilən geniş potensiala malik və regionun ən müasir zavodlarından sayılan Bakı Gəmiqayırma Zavodunun olması Xəzər dənizinin spesifik xüsusiyyətlərini və bu hövzədə mövcud liman infrastrukturlarının texniki imkanlarını nəzərə almaqla, unikal layihələr və yeni konsepsiyalar əsasında bütün növ gəmilərin tikintisinə imkan verir. Ro-Pax tipli gəmilər də bu qəbildəndir.

Hazırda Zavodda ASCO-nun donanması üçün daha 2 ədəd tankerin inşası davam etdirilir. Bu tankerlər Zavod tərəfindən təhvil verilən və Qara və Aralıq dənizi hövzələrində fəaliyyət göstərən 8,000 ton yükgötürmə imkanına malik “Laçın” və “Kəlbəcər” neftdaşıyan tankerləri ilə eyni tiplidir.

Ümumilikdə Gəmçiliyin 2014-cü ildə qəbul olunan Strateji İnkişaf Planına uyğun müvafiqtədbirlər həyata keçirilir. Hazırda Gəmiçiliyin növbəti, 2030-cu ilə kimi dövrü əhatə edən Strategiyası və müvafiq olaraq Donanmanın yenilənməsi planı hazırlanır. Yaxın müddətdə həmin sənədlərin təsdiqlənməsi gözlənilir. Sözügedən Strategiya ASCO qarşısında müasir çağırışları, son illər ərzində qlobal ticarət və yükdaşımalarda cərəyan edən prosesləri, dünyada gəmiçilik sənayesində baş verən elmi-texnoloji yenilikləri və tələbləri nəzərə almaqla, ASCO-nun yenilənmiş hədəflərini və gələcək inkişaf istiqamətlərini əhatə edir.

Gəmiqayırma Zavodunun mühəndis, şöbə meneceri olan Samir Muradov deyir ki, layihəsi Ukrayna şirkəti tərəfindən dizayn olunub, detal çertyojları isə yerli mühəndislər tərəfindən hazırlanıb:

“Gəminin özü 16 metrlik hidrovlik liftin əvəzinə 25 metrlik hidrovlik liftlə əvəz edilib. Bu da öz növbəsində uzunluğu 25 metrə qədər olan vaqonların daşınmasına kömək edir. Gəmidə bir çox yüklər – maşınlar, TIR-lar, vaqonlar , təhlükəli və təhlükəsiz yüklər daşına bilər. Təhlükəsiz yük daşınan zaman gəmidə 100 nəfərə qədər sərnişin gedə bilər. Təhülkəli yük olduqda isə sərnişin sayı 12 nəfərdən çox olmamalıdır.

Sərnişinlərin rahatlığını təmin etmək üçün dənizin dalğalı olduğu vaxtlarda təhlükəsizlik məqsədilə dalğa sakitləşdirici qurğularla təmin edilib. Bu gəmi bu tip ikinci gəmidir, birincisi “Azərbaycan” adlanan gəmidir”.

Ümumilikdə, ASCO yaradıldıqdan sonra 2014-cü ildən bugünədək donanmanın yenilənməsi istiqamətində 24 ədəd yeni gəmi istismara verilib. Bu gəmilərin alınması əsasən Gəmiçiliyin fəaliyyətindən əldə etdiyi mənfəət hesabına maliyyələşir.

2014-cü ildən Xəzərdən kənarda Qara və Aralıq dənizi hövzələrində ASCO 7 quru yük gəmisi və 6 tanker olmaqla, 13 ədəd gəmi istismar edir. Həmin hövzələrdə Azərbaycan bayrağı altında üzərək, ölkəmizi xarici sularda təmsil edən gəmilərin heyəti tam azərbaycanlı dənizçilərdən təşkil olunub.

Gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması dənizçilərimizin Azərbaycanın görkəmli alim və həkimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir. Zərifə xanımın 99-cu ildönümündə   gəminin istismara verilməsi isə ASCO üçün xüsusi qürurlandırıcı məqamdır.

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın neft sənayesinin canlı əfsanəsi, SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin şərəfinə adlandırılan “Akademik Xoşbəxt Yusifzadə” tankeri artıq ötən ilin sentyabrında suya salınıb və tamamlanma işləri başa çatmaq üzrədir. Digər tankerdə də tikinti işləri qrafikə uyğun davam etdirilir.

Bu gəmilərin 2022-2023-cü illərdə mərhələli şəkildə ASCO-ya təhvil verilməsi gözlənilir. Gəmilərin texniki parametrləri tələbatdan asılı olaraq onların Xəzərdə və ya Xəzərdən kənar hövzələrdə istismarına imkan verir.

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir