Ötən həftə İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində diqqəti cəlb edən görüş baş tutub. “Belarusun demokratik lideri” Svetlana Tixanovskaya Ermənistan baş naziri Nikol Paşinyan və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla söhbət edib, Qarabağdakı vəziyyətlə bağlı “erməni xalqına dəstək sözlərini” çatdırıb.
Nikol Paşinyanın Svetlana Tixanovskaya ilə görüşü bir növ inisiasiyaya bənzəyir, çünki 2020-ci ildən sonra onunla bir çox Qərb liderləri görüşüblər, bu, demək olar ki, məcburi bir ritual idi. İndi bu Qərb liderləri sırasına Paşinyan da qoşulub.
Belaruslu politoloq, Avropaya İnteqrasiya Problemləri Mərkəzinin direktoru Yuri Şevtsov Oxu.Az-a müsahibəsində qeyd edib ki, Svetlana Tixanovskaya özlüyündə bir informasiya dağarcığıdır.
– Svetlana Tixanovskayanı Belarusda Roza Otunbayeva (2010-11-ci illərdə Qırğızıstanın müvəqqəti prezidenti və “rəngli inqilab”ın lideri – red.) kimi müvəqqəti prezident etmək istəyirlər. Amma aydındır ki, bunun həyata keçirilməsi mümkün olmayıb və heç olmayacaq da.
– Bəs Tixanovskayanın Ermənistan baş naziri Paşinyan və xarici işlər naziri Mirzoyanla görüşü barədə nə düşünürsünüz? Nəzərə alsaq ki, əvvəllər Qərb liderlərinin Svetlana Tixanovskaya ilə görüşü məcburi proqram xarakteri daşıyırdı, onda belə çıxır ki, Nikol Paşinyan da kifayət qədər Qərb siyasətçisi hesab olunur?
– Mən də sizin sualınızda səsləndirdiyiniz kimi, təxminən eyni fikirdəyəm (gülür). Nikol Paşinyanın nümayişkaranə jesti Belarusda, o cümlədən ölkə rəhbərliyi tərəfindən çox pis qarşılanacaq. Onun hərəkətləri Minskdə məhz belə başa düşüləcək ki, Paşinyan Qərbə doğru yönəlir. Ümumiyyətlə, Ermənistan baş naziri o proqramı icra edir ki, onun icrası üçün bir neçə il əvvəl hakimiyyətə gətirildi və faktiki olaraq rəngli inqilabın lideri oldu. Və bu qəbildən olan əksər liderlər kimi, o da ölkəsini böyük böhrana sürüklədi.
– Bəs Nikol Paşinyan Ermənistanın Qərbə üz tutmasını niyə ləngitdi? O, 2018-ci ildə hakimiyyətə gəlib və 2021-ci ildə Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, yenidən baş nazir seçildi…
– Fakt budur ki, Ermənistanda Rusiya tərəfdarlarının mövqeləri çox güclü idi. Vəziyyəti dəyişdirmək üçün vaxt lazım idi.
– Bəs siz Belarusun demokrat, liberal müxalifətçilərinin Azərbaycan öz suverenliyini bərpa etdiyi, “Artsax”ın (burada və bundan sonra qoyulan dırnaq işarələri bizə məxsusdur – red.) müstəqil olmadığı üçün ümumbəşəri kədərə qərq olmalarını necə izah edərsiniz? Belə çıxır ki, ərazi bütövlüyü prinsipi onlar üçün önəmli deyil, əsas odur ki, Ermənistan Qərbə üz tutur?
– Onlar üçün əsas məsələ Rusiyaya qarşı çıxmaqdır. Onlar “Artsax”ı dəstəklədikləri zaman bununla Ermənistandakı qərbyönlü anti-Rusiya qüvvələrinin mövqeyini dəstəkləmiş olurlar. Həmin qüvvələr isə öz növbəsində Rusiya Federasiyasını Qarabağ naminə Azərbaycana qarşı müharibəyə başlamamaqda ittiham edirlər.
Bu, bizim Belarus müxalifəti üçün adi bir “siyasət oyunu”dur.
– Amma gəlin təsəvvür edək ki, İrəvan tam şəkildə Qərbə yönəlib (baxmayaraq ki, bunu təsəvvür etmək çətindir, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyindən çıxmayıb, sənayesi, dəmir yolları Rusiya Federasiyasına məxsusdur, Rusiya sərhədçiləri Ermənistan sərhədlərini qoruyurlar və s.). Amma Qərb “ərazidə” deyil, baxmayaraq ki, Fransa hansısa yolla Cənubi Qafqaza daxil olmaq istəyir. Ermənistan hökuməti nəyə ümid edir? Bu mənə aydın deyil.
– Siz Azərbaycanda yaşadığınız üçün bunu başa düşmürsünüz. Azərbaycan elitası milli maraqlar mövqeyindən çıxış edir. Ermənistanda isə öz şəxsi maraqlarını daha çox düşünənlərin mövqeləri güclənib. Verəcəyim cavab budur.
Amma düşünmürəm ki, Ermənistanda bu ölkəni intihar siyasəti aparmağa vadar edən qüvvələr tam şəkildə qalib gəliblər. Orada hələ də böyük ətalət və cəmiyyətin Rusiyaya daxili oriyentasiyası kimi faktorlar var. Və Rusiya Federasiyasının özündə güclü erməni diasporu var ki, görünür, hələ də çaşqınlıq içindədir. Amma bu diaspor mövcuddur və onu hesaba almamaq olmaz. Beləliklə, bu, Ermənistanın sərt şəkildə Qərbə yönəlməsi deyil, Rusiyanın başqa problemlərlə məşğul olması fonunda bu ölkənin Qərb qüvvələrinin güclənməsi nəticəsində düşdüyü dərin böhranın bir hissəsidir. Lakin Ermənistanın Qərbə tərəf stabil dönüş etməsi mümkün olmayacaq.
Nair Əliyev