• Ça. Noy 26th, 2024

Zəhərlənmə dalğası: Tehran yediyi haqları qusacaq – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 6, 2023

İranda qadın və qızlara qarşı yeni zorakılıq hadisəsi davam edir. Bir müddət əvvəl rejimin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə Məhsa Əmini adlı qadın qətlə yetirilib. Bu cinayətə etiraz edənlərə qarşı İran hakimiyyətinin hərbi-polis qüvvələri güc tətbiq edir və onlara işgəncə verir. Həmin aksiyalara rejimin tətbiq etdiyi güc nəticəsində 600-ə yaxın etirazçı ölüb. Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi də qətlə yetirilənlər arasındadır. Başqa sözlə, o da hərəkatın simvollarındandır.

İranda qadın və qızlara qarşı yeni zorakılığın pərdəarxası

Son zamanlar İranda qızlara və qadınlara qarşı yeni zorakılıq hadisəsi baş verir. Ölkə məktəbləri və ali təhsil müəssisələrində zərif cinsin nümayəndələri arasında naməlum səbəbdən zəhərlənmə halları yaranıb. Məlumata görə, İranın 31 əyalətindən 10-da 650-dən artıq məktəb və ali təhsil müəssisəsində qızların ürəkbulanma və baş ağrılarından şikayətləndikləri bildirilib.

Güney Azərbaycanın Kərəc, Təbriz, Zəncan, Xoy, Həmədan, Qəzvin, Marağa, habelə İranın İsfahan, Bəndər-Abbas, Şiraz, Ramhörmüz, Tehran, Fuladşəhr, Mahşar, Qəzvin, Qonbad Kavos, Sepahanşəhr, Fərdis (Əlborz) və başqa şəhərlərində məktəblilərin zəhərləndiklərinə dair xəbərlər yayılıb. Bəzi məlumatlara əsasən, oğlanlar arasında da zəhərlənmə halları qeydə alınıb.

Bu dəfə Tehran, Ərdəbil, Zəncan və başqa şəhərlərdə hakimiyyətin zəhərlənməyə qarşı tədbir görməməsinə etiraz aksiyaları keçirilib. Onlar “Uşaq qatili olan rejimə ölüm!”, “Təhqir olunmaqdansa ölüm yaxşıdır!”, “Əgər biz birləşməsək, bizi bir-bir qətlə yetirəcəklər!” şüarlarını söyləyiblər. Rejimin hərbi-polis qüvvələri etiraz aksiyaçılarına qarşı zorakılıq tətbiq edirlər.

Hadisənin ciddiliyindən narahat olan İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamenei də məsələyə münasibət bildirib: “Məsul şəxslər tələbələrin zəhərlənməsi problemini ciddi şəkildə həll etməlidirlər. Cinayət sübuta yetirilərsə, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdırlar”. O, hadisəni törədənlərin əfv edilməyəcəyini də vurğulayıb.

Zəhərlənənlərə kimyəvi maddə, zəhərlənməyənlərə isə polis dəyənəyi qənim kəsilib

Hakimiyyət zəhərlənməyə qarşı etiraz aksiyalarını yalnız zorakılıqla yatırmağa çalışır. Qızlar isə kəskin qoxu ilə zəhərləndiklərini bildiriblər. Deməli, kimyəvi maddə ilə zəhərlənmə baş verdiyi ehtimalı daha çoxdur. Hakimiyyət bunun qəsdən baş verdiyini söyləyib.

Kimyəvi maddə ilə zəhərlənmə qadın zorakılığına örnək ola biləcək ilk hadisə deyil. Ötən illərdə qızların və qadınların üzlərinə sulfat turşusunun atılması faktlarını da buna nümunə olaraq göstərmək olar. Onda da Tehran hakimiyyəti bu cinayəti törədənləri ağır cəzalandırmadı. Bu hadisənin qurbanı olan qadınları isə zinada günahkar bilirdilər.

Məsələn, ötən il naməlum şəxs Tehranın Şəhriyar rayonunda yerləşən parkda səhər idmanı edən üç qadının üzərinə sulfat turşusu atıb. Faktla bağlı cinayət işi başlansa da, bu cinayəti törədən hələ tapılmayıb. Halbuki, onun kimliyini müəyyən etmək üçün Tehran parkında hər cür şərait var. Həmin parkda gənc oğlanla qız yaxın otursa idi, onda əxlaq polis həmin andaca onların yanında peyda olardı.

Bəs bu kütləvi zəhərlənmənin arxasında kimlər durur və məqsəd nədir?

Bunu hicaba qarşı etiraz aksiyalarında iştirak edən qadınlara və qızlara qarşı “müharibə” sayanlar da var. Tehran hakimiyyətinin bu yolla aksiyaçıların sayını azaltmağa səy etdiyi ehtimal olunur. Başqa sözlə, rejim mətkəblilərin və tələbələrin evdə oturmasına və küçələrə çıxmamasına çalışır. Bununla da rejim perspektivdə dərslərin onlayn və məsafədən keçirilməsinə nail olmağa cəhd göstərir. Çünki zəhərlənən qızlar bir neçə həftə evdən çıxa bilmirlər. Bildirilib ki, zəhərlənmə hadisələrinin əksəriyyəti hicabla bağlı etiraz aksiyaları başlayan zaman qeydə alınıb.

Bu hadisələrin arxasında İranın daxili işlər naziri Əhməd Vahidinin durduğu da iddia olunur. O, 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında iştirak edənlərdən sayılır. Həmin hadisə nəticəsində 85 nəfər ölmüşdü.

Zəhərlənmə hadisəsi İranda qadına qarşı zorakılığın yeni bir üsulu olduğunu isbatladı. Bahalıq, hicab və zəhərlənməyə qarşı etirazlar Tehran rejiminin əməllərinin nəticəsidir. Hakimiyyət zəhərlənməni öz marağı üçün törədib və bu, əks-effekt verib. Qızlar və qadınlar bu hadisəyə etiraz olaraq küçə və meydanlarda yürüş keçirirlər. Odur ki, İranda yeni, daha fərqli istiqamətdə kütləvi aksiyanın başlayacağını ehtimal etmək olar. Zəhərlənmə dalğası Tehran rejiminə yediyi hüquqları və haqları qusduracaq.

“Report” İnfomasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir