• Ça. Noy 26th, 2024

“Zəngəzur düyünü” necə açılacaq? – ŞƏRH

ByYenigun.news

Fev 27, 2023

Azərbaycanla Ermənistan arasındakı münasibətlərin strateji düyün nöqtəsi olan Zəngəzur dəhlizi layihəsinin əhəmiyyəti getdikcə artır.

Strateji layihə enerji bazarlarındakı qırılmalar, qlobal təchizat marşrutlarının təhlükə altında düşməsi fonunda birləşdirici xüsusiyyət qazanır.

Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Çin Zəngəzur dəhlizinin daha geniş geosiyasi baxışından faktiki olaraq imtina etməyiblər, sadəcə olaraq, açılması gözlənilən koridordan maksimal pay götürmək uğrunda kəskin rəqabət gedir.

Bu o deməkdir ki, Zəngəzur dəhlizi beynəlxalq tələbatlara daxildir, lakin ilkin olaraq Azərbaycanla Ermənistan bəzi məsələləri aydınlaşdırmalıdırlar.

Azərbaycan tərəfi dəhlizin ölkə ərazisinə düşən hissəsində intensiv işlər aparır, İrəvan isə şəraitə uyğun mövqelər sərgiləyərək layihənin bütövləşməsinə maneələr yaradır.

Azərbaycan indi təklif edir ki, sərhəddə ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılsın, lakin bu, Zəngəzur dəhlizinin rejiminə tətbiqdə eyni müqəddimə mənasında deyil.

Bakı hazırda Azərbaycan-Ermənistan şərti sərhədini Qarabağla birləşdirən zolaqda özünün nəzarət-buraxılış məntəqələrini qurmaqda israrlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasında demişdi:

“Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.

Hesab etmək olar ki, bu fikir daha çox hərbi rejimli yoxlamaların tətbiqi üçün təklifdir və proseslərin bəzi cari mübahisələrin yekunlaşmasını özündə ehtiva etmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qarabağla Ermənistanı birləşdirən Laçın yolunun dəhliz məntiqindən imtina edib və Zəngəzur koridorunun işləmə mexanizminin açarını öz əlində saxlayır.

Başqa bir məqam budur ki, sərhədlər delimitasiya edilməyib, Ermənistan, bundan əlavə, Azərbaycanın təhlükəsizlik zonası şərtlərinə də cavab vermir.

Ona görə də dəhlizin açılması və rejiminin müəyyən edilməsi qavrayışını Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik, Rusiya ilə tərəfdaşlıq meyarları əsasında təyin edə bilər. Bakı ən azından hərbi gücü işə salmaqla ali məqsədlərinə daha da yaxınlaşmağı gündəlikdən çıxarmayıb. 

Görünür ki, Zəngəzur dəhlizinin mahiyyətinin praktiki olaraq tam açılması Ermənistan üçün sıxıntı nöqtələrindən birini təşkil edəcək. 

Çünki Azərbaycan sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinə maksimalist baxışlarından əl çəkməyib və bunu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə mütləq suverenliyini bərpa etməklə paralel şəkildə qurur.

Azərbaycan strateji məqsədlər naminə uyğun zamanları gözləyə bilər, lakin bu, o mənanı vermir ki, Bakı geosiyasi məqsədlərindən geri çəkilir.

Zəngəzur dəhlizinin açılmasının gecikdirilməsi o zaman risk olacaq ki, Ermənistan həmin zaman kəsiyini revanşa hazırlıq üçün istifadə etsin.

Yox, İrəvan hərbi-siyasi məqsədlər üçün deyil, texniki problemlər səbəbindən vaxt istəsə, bunu Bakı başa düşəcək.

Lakin Ermənistanın Azərbaycanla sərhədindəki Avropa İttifaqı missiyası prosesləri tormozlayan addımlara getsə, onda İrəvan birinci varianta üstünlük verəcək.

Belə olan təqdirdə, Rusiya da İrəvana qarşı yığılmış qəzəbini tökə, Bakı isə yaranmış vəziyyətdən yararlanaraq sərhəddəki strateji və hərbi məqsədlərinə doğru irəliləyə bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir