Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, dövlət xadimi Nəriman Nərimanovdur. N.Nərimanov doqquz uşağın sonbeşiyi idi.
Onun atası Kərbəlayi Nəcəf xırda ticarətlə məşğul olardı. Ailənin yükünü əsasən Nəriman və böyük qardaşı Salman çəkib. Nərimanov öz məktublarında yazırdı:
“Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxaraq, 30 ildə 11 adam tərbiyə etdim. Hamını yerbəyer edəndən sonra yenə də təhsil almağa başladım”. 1906-cı ilin avqustunda Bakıda Müsəlman müəllimlərinin 1-ci qurultayı keçirilir. Qurultayda çıxış edən Nərimanov Hacı Zeynalabdin Tağıyevin qəzəbinə tuş gəlir. Hacı həmin qurultayda çıxış edərək Nərimanova qarşı sərt ittihamlar irəli sürür. Nərimanov 44 yaşında özündən 14 yaş kiçik olan Gülsüm xanımla ailə qurur. Bu izdivacdan onların Nəcəf adlı övladı dünyaya gəlir. Sonralar Gülsüm xanım Nərimanov haqqında deyəcəkdi:
“Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nəriman Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insan gördüm. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…”.
1917-ci ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilir. Qurultayda Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış edirlər. Çıxışlar zamanı Nərimanov və Rəsulzadə arasında fikir ayrılığı yaranır. Əvvəllər “Hümmət” təşkilatında birlikdə çiyin-çiyinə çalışmış Nərimanov və Rəsulzadənin, fərqli siyasi görüşlər səbəbindən yolları ayrılır.
Doktor Nərimanov Cümhuriyyət rəhbərlərini Rusiya inqilabını anlamamaqda ittiham edirdi. Nərimanovla Cümhuriyyətçilər arasında olan ziddiyyətlərin ən böyük səbəbi 1918-ci ildə baş vermiş Mart qırğınlarıdır. Mart soyqırımı dönəmində Nərimanovun əqidə yoldaşları S.Şaumyan, P.Çaparidze ilə eyni ideya daşıyıcısı olması, ona qarşı münasibəti kökündən sarsıdır. Mart soyqırımı zamanı Nərimanovun Şaumyana sərt məktubu “Hümmət” qəzetində nəşr olunur. Mart hadisələri ona çox pis təsir edir, əsəb sarsıntısı keçirir, gəzə bilmir, həkimlər onu Həştərxana xəstəxanaya göndərirlər.
Doktor Nərimanı evindən xərəkdə çıxarırlar. Nəriman Nərimanov bolşevik bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi. Azərbaycanın taleyinə biganə qala bilməyən Nərimanov Lenin qarşısında bəzi öhdəliklər götürdü, Lenin də öz növbəsində Şərqlə bağlı qərarlarında onunla hesablaşdı. Nərimanov bolşevizm şəraitində Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına inanıb və bu yolda aktiv fəaliyyət göstərib. Nərimanovun Qarabağın Azərbaycanın tərkibində qalmasında misilsiz xidməti olub. O, dəfələrlə Qarabağ mövzusunu son anda ermənilərin lehinə səs verən komissiyaların müzakirəsindən çıxara bilib. Nəriman Nərimanov bu məsələ ilə bağlı Stalinə məktubunda yazırdı:
“Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi. Mənim vaxtımda bu mümkün olmamışdı”. Lakin bütün bu səylərə baxmayaraq, tarixə “Nərimanov bəyannaməsi” adı ilə düşən sənəddə Zəngəzurla Naxçıvanın Ermənistana verilməsi öz əksini tapır.
Ətraflı Baku TV-nin süjetində: