Bu il noyabrın 16-da Zəngilanda, 17-də isə Bakıda “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu barədə “Report”a Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan bildirilib.
Məlumata görə, tədbir institutun, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfransda Zəngəzur dəhlizinin region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, texniki-iqtisadi və maliyyə təminatı məsələləri, onun dəniz daşımalarına mümkün təsirləri kimi problemlər müzakirə olunacaq.
Nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, Orta Dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası logistika üzrə ekspertlər konfransda iştiraka dəvət edilirlər.
Konfrans əyani formada keçiriləcək. Məruzə və müzakirələrin internet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.