“Bu günlərdə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya elminə dair sanballı əsərləri ilə ölkəmizdə və dünyada böyük alim kimi şöhrət qazanıb”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov akademik Zərifə Əliyevanın elmi fəaliyyəti ilə bağlı danışarkən deyib.
Deputatın sözlərinə görə, Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir:
“Onun fəaliyyətinə nəzər salarkən bu dahi insanın hərtərəfli şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdi. Sözün əsl mənasında bu sahənin pioneri idi. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdu.
Bu sahədə dərin elmi-tədqiqatlarının uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, həmin mükafata layiq görülən ilk qadın alim idi”.
Deputat qeyd edib ki, məşhur oftalmoloq Mixail Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirib:“Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri xüsusi yer tutur. Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı”.
A.Hüseynov əlavə edib ki, Zərifə Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub:
“Bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə Əliyeva yazıb. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə Əliyeva haqqında həmişə yüksək fikirdə olublar.
Akademik Anatoli Nesterov Zərifə Əliyevanı böyük mütəxəssis adlandırıb. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru Kseniya Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı ki, bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib-hazırlanaraq istehsalata tətbiq edilib”.
Aydın Hüseynov bildirib ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb:
“Onun böyük əməyinin nəticəsi olaraq gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Zərifə Əliyevanın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib, o özündən sonra dəyərli məktəb qoyub. Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olub.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənib, onun zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılıb və bu gün də öyrənilir. Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib”.
Qeyd edək ki, yüksək elmi nailiyyətlərinə görə akademik Zərifə Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Tibb elmləri doktoru, professor Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib.
Nəzrin Vahid