• Bz. Noy 24th, 2024

Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir” – FOTO

ByYenigun.news

İyl 24, 2022

“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”.

Bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi heyətə ünvanlanan təbrik məktubunda yer alıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Silahlı Qüvvələrimizin möhtəşəm Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra da respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin daha etibarlı müdafiəsi, qorunması, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bütün sərhəd boyunca yerləşdirilən hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir, ən müasir hərbi texnika, silah və sursatlar alınır, yeni hərbi şəhərciklər inşa edilir, qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir əməliyyat komando hərbi hissələri fəaliyyətə başlayır, şəxsi heyətin mənəvi-psixoloji təminatının yüksəldilməsinə, Vətən müharibəsinin qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilir.

İşğaldan azad edilən Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni yaradılan əməliyyat komando hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan Ordusu daha güclüdür: həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq… Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq yerindədir!” Bunu heç kim unutmasın”.

Vətən müharibəsinin başa çatması ilə yaranmış şəraitə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müdafiə və mühafizənin təşkili, Azərbaycan Ordusunun qarşısında qoyulmuş döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirməsini təmin etmək məqsədilə bir il əvvəl – 2021-ci il iyulun 24-də yaradılmış Ordu birliyinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə bu və ya digər aktual məsələlər barədə ətraflı söhbət açılıb.

Əvvəlcə Müdafiə Nazirliyinin və Ordu birliyinin rəsmiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, xidmətlə fərqlənən hərbi qulluqçulardan bir qrupu qərargah binasının qarşısında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edərək qarşısına qızılgül çələngi qoyub, güllər düzüb, ehtiramlarını bildiriblər.

Əsgər klubunda keçirilən tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov şəxsi heyəti salamlayaraq deyib: “Bu gün Azərbaycan Ordusunun həyatında daha bir əlamətdar hadisənin şahidiyik. Bir il əvvəl müdafiə nazirinin müvafiq əmri ilə yaradılan Ordu birliyinin ildönümünü qeyd edirik. Ötən il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunan bu Ordu birliyində həyata keçirilən məqsədyönlü tədbirlər, zabit və gizirlərin öz xidməti vəzifələrini böyük həvəslə yerinə yetirməsi, əsgərlərimizin içdikləri Hərbi Anda sadiqliyi, hərbi nizamnamələrin tələblərinə uyğun olaraq xidmətin düzgün təşkili deməyə imkan verir ki, bu Ordu birliyi də, heç şübhəsiz, yaxın gələcəkdə Azərbaycan Ordusunun lider hərbi hissələrindən birinə çevriləcək”.

General-mayor E.Xəlilov tədbirdə iştirak edən şəhid analarına müraciətlə bildirib ki, sizin kədəriniz hər birimizin kədəridir. Şəhidlərimizin müqəddəs ruhları qarşısında bir daha ehtiramla baş əyir, Vətənə belə igid oğullar bəxş etdiyinizə görə sizlərə minnətdarlığımızı bildirərək əllərinizdən öpürük. Təsəllimiz ondadır ki, şəhidlərimizin intiqamını döyüş meydanlarında vuruşaraq aldıq, unudulmaz şəhidlərimizin qanı yerdə qalmadı. Bu tədbirdə iştirak edən hər bir əsgər də, hər bir zabit də sizin övladlarınızdır. Qəhrəman oğullarımızın davamçıları olan bu gənclər Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar. Lazım gələcəksə, onlar yenə də döyüş meydanlarına atılaraq şəhidlərimizin ruhlarını bir daha şad edəcəklər.

General-mayorun söylədiyi “Əziz qazilərimiz, siz canlı, şanlı, yaşayan əfsanələrsiniz. Vətən və qədirbilən xalqımız sizin xidmətlərinizi heç vaxt unutmayacaq. Siz həmişə sıralarımızdasınız. Dünən də bir yerdə idik, bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Həm dövlətimiz, həm də hər bir Azərbaycan vətəndaşı Sizinlə fəxr edir, mərdlik və şücaətinizdən qürur duyuruq” fikirləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonra general-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə ünvanlanan təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Təbrik məktubunda deyilir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müasir mütəşəkkil Azərbaycan Ordusu Ulu Öndərin ənənələrini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənərək qalib ordu səviyyəsinə yüksəlib. Respublikamızın müstəqilliyinin təminatçısı olan Ordumuz bu gün istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra digər sahələrlə yanaşı, ordu quruculuğunda da mühüm islahatlar həyata keçirilir. Ordunun maddi-texniki bazası dinamik sürətlə inkişaf etdirilir, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi üçün böyük səylər göstərilir. Yeni hərbi hissələr yaradılır, hərbi şəhərciklər inşa edilir, hərbi qulluqçuların sosial müdafiəsi, nümunəvi xidməti üçün hər cür şərait yaradılır.

Müharibədən sonra işğaldan azad edilən bölgələrdə dislokasiya olunan hərbi hissələr düşmən təxribatlarının qarşısını vaxtında və qətiyyətlə alaraq xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Bir il əvvəl yaradılmasına baxmayaraq, Ordu birliyinin komandanlığının fəaliyyəti, eləcə də əsgər və zabitlərimizin xidməti təqdirəlayiqdir. Əminliklə bildirilib ki, Azərbaycan əsgər və zabitləri bundan sonra da Heydər Əliyevin ideyalarına sadiq qalaraq Müzəffər sərkərdəmizin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklər.

Məktubda, həmçinin qeyd edilib: “Sizin sıralarınızda böyük döyüş təcrübəsinə malik yüzlərlə müharibə iştirakçısı vardır. Onlar respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda fəallıq göstəriblər.

İnanıram ki, siz göstərilən etimadı doğruldaraq bu qəhrəmanlıq və şücaət nümunələrindən bəhrələnəcək, şanlı döyüş tariximizə yeni parlaq səhifələr yazacaqsınız.

Hərbi hissənin yaradılmasının birinci ildönümü münasibətilə sizi təbrik edərək hər birinizə şəxsi həyatınızda və xidmətlərinizdə uğurlar arzulayıram!”.

Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyevin təbrikini də tədbir iştirakçıları minnətdarlıqla qarşılayıblar.

Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov hərbi hissənin birillik fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, yeni yaradılan birliyin tərkibinə daxil olan hərbi hissələrin çoxu Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində hərbi əməliyyatlarda iştirak edib. Şəhidlərimiz, qazilərimiz var. Beş nəfər hərbi qulluqçumuz “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Yüzlərlə döyüşçümüz orden və medallarla təltif olunub. İgidlərimizin qəhrəmanlıq ənənələri bu gün uğurla davam etdirilir.

Döyüş hazırlığı planına əsasən, NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində təlimlər mütəşəkkil şəkildə keçirilib. Təlimlər zamanı motoatıcı bölmələrin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib. Əməliyyat komando hərbi hissələrində aparılan praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını uğurla icra edib. Komandoların fərdi bacarıqlarının, o cümlədən atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə nəticələnib.

Ordu birliyi və tabeçilikdə olan hərbi hissələrlə ərazidə komanda-qərargah təlimləri, tank, motoatıcı taborları və artilleriya divizionu ilə taktiki təlimlər yüksək səviyyədə təşkil olunub. Əlahiddə rabitə, maddi-texniki təminat taborları ilə taktiki xüsusi təlimlər öz bəhrəsini verib. Bütün bu təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin arıtırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə bərabər peşəkar fəaliyyətinin təkmilləşdirilməsidir və biz buna nail olmuşuq.

Vətən Müharibəsi Qəhrəmanı K.Seyidov şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyət arasında fərqlənən hərbi qulluqçuların mükafatlandırılması və həvəsləndirilməsi məqsədilə yarış və müsabiqələrin təşkili, şəxsi heyətə hərbi intizamın qaydalarının, onlarda milli ruh, ləyaqət, Vətənə sevgi hisslərinin, iradi keyfiyyətlərin aşılanması məqsədilə keçirilən tədbirlərdən, Azərbaycan Ordusu səviyyəsində irimiqyaslı təlimlərdə qazanılan uğurlardan da bəhs edib.

Hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəhid və qazi ailələrinin daim diqqətdə saxlanılması, şəhidlərin xatirəsinin həmişə əziz tutulması məsələlərinə də toxunan Ordu birliyi komandiri sonda Müzəffər Ali Baş Komandan İlham Əliyevi və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edib ki, göstərilən etimadı bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətləri və nümunəvi xidmətləri ilə doğruldacaqlar.

Tədbir iştirakçıları Ordu birliyinin birillik fəaliyyətinə həsr olunan videoçarxı maraqla izləyiblər.

Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Ordu birliyi komandirinin əmri oxunub və mükafatlar təqdim edilib.

Daha sonra şəhid anaları çıxış edərək qəhrəman övladları ilə fəxr etdiklərini, hər bir Vətən əsgərinin simasında onları gördüklərini bildiriblər. Qazilər isə döyüşdə sağlamlıqlarını itirsələr belə, bu gün də Müzəffər Ali Baş Komandan əmrlərinə hazır olduqlarını bəyan ediblər.

İkinci Qarabağ müharibəsində bir gözünü itirən Vətən Müharibəsi Qəhrəmanı əsgər Azər Abdullayev deyib: “Lazım gələrsə, ikinci gözümü də Vətən uğrunda qurban verməyə hazıram!”.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin layihəsi əsasında təqdim olunan ədəbi-bədii proqram təntənəli mərasim iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Respublikanın Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Nigar Şabanova, gənc istedadlar Vüqar Qarabağlı, Kənan Bayramov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin xoreoqrafiya qrupunun Vətəni, Müzəffər Ali Baş Komandanı, ordu ilə xalqın birliyini, şəhidlərin ölməzliyini, Azərbaycan Ordusunun qüdrətini tərənnüm edən vətənpərvərlik mahnıları, şeirlər və rəqslər tədbir iştirakçılarını daha böyük uğurlara ruhlandırıb.

Sonra qazilər səhnəyə dəvət edilib və sözləri Abdulla Qurbaniyə, musiqisi isə Azad Zahidə aid olan “Qazilər haqqında ballada”nın ilk təqdimatı olub. Əməkdar artist Cahangir Qurbanov və əsgər xorunun ifa etdiyi qəhrəmanlıq balladasını mərasim iştirakçıları ayaq üstə alqışlayıblar.

Əsgər klubunda keçirilən təntənəli mərasimdən sonra sıra meydanında hərbçilərin nümunəvi çıxışları olub.

Əsgər yeməkxanasında bayram süfrəsi açılıb və Ordu birliyinin ildönümünə həsr olunan tədbir yubiley tortunun kəsilməsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir