Ermənistanın Azərbaycanla şərti sərhədin Zod-Kəlbəcər istiqamətindəki təxribatları davam etməkdədir.
İrəvanın həmin istiqamət üzrə qoşun cəmləməsi, artilleriya qurğuları toplaması, Azərbaycan mövqelərinə qarşı zərbə PUA-ları və artilleriya ilə atəş açması toqquşmanın miqyasını anlamağa əsas verir.
Təbii ki, Ermənistanın Azərbaycanın yaratdığı reallıqları dəyişdirə bilmək gücü yoxdur, onun hərəkətləri zəifləyən və getdikcə ölməyə doğru gedən hüceyrələrin reaksiyaları kimidir.
Bununla belə, sual olunur: Nə baş verdi ki, Ermənistan yenidən işğalçılıq niyyətlərini hərbi təxribatla həyata keçirməyə cəhd etdi?
Məsələnin əhatəli gündəliyə söykənən aspektləri olsa da, bu yazıda Fransa-Ermənistan xəttindəki sövdələşmələrə diqqət etməyə çalışacağıq.
Fransanın Ermənistanı əldə saxlamaq, onu regiona müdaxilə üçün istifadə etmək səyləri İrəvanın emosiyalarını Azərbaycana qarşı coşdurur. Son zamanlar Paris-İrəvan trafikindəki get-gəllər, Fransadan Azərbaycana qarşı hədyanlar yağdıran bəyanatların səslənməsi hadisələrə zəmin hazırlamaq məqsədi daşıyırdı.
Görünür ki, bağlı qapılar arxasında Paris İrəvanı yenə vəd yağışı ilə şirnikləndirib, nəticə əldə etmək üçün isə Ermənistana “hərəkətə başla” əmri verilib.
Fransa və Ermənistan Qarabağda guya humanitar böhran olduğu iddialarını əllərində üzdə görünən bayraq kimi tutub birlikdə regional reallıqların məsamələrinə giriş əldə etməyi hədəfləyirlər.
Fransadan Ermənistana verilən hərbi dəstək də bunu sübut etmək üçün lazımlı ipucudur.
Lakin Fransanın Ermənistana verdiyi vədlərini yerinə yetirməyəcəyini ortaya qoya biləcək faktor Azərbaycanın regiondakı geniş manevr imkanlarıdır – bu həm siyasi-diplomatik, həm də hərbi sahələri əhatə edən çoxşaxəli gündəliyə söykənir.
Bu, regionda Ermənistanın zəifliyini və onun təhlükələrə qarşı müdafiəsini risk altına salır, çünki Azərbaycan milli təhlükəsizlik siyasətindən irəli gələn bütün addımları atmaq üçün zəngin hərbi arsenala sahibdir.
Beləliklə, Ermənistanın bu durumu Fransanın Bakı-İrəvan gündəliyinə cavabdeh olmaq səylərinin üzərini qalın təbəqə ilə örtür, hərçənd, Paris başqa sövdələşmə və kəşfiyyat imkanlarından yararlanmağa çalışacaq.
Ancaq Fransa ilə Ermənistanın qucaqlaşması regionda Azərbaycanın əleyhinə işləyə biləcək nəticə formalaşdırmaqdan uzaqdır, ona görə də İrəvan özü regional günahlarının əvəzini özü ödəməli olacaq.
İrəvanla Parisin Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ ermənilərinə təchizat göndərmək planını sabotaj etmək cəhdi də fiasko ilə nəticələndiyindən ortaya sərhəd təxribatı alternativ kimi atılır.
Ermənistanın müttəfiqi Fransa, bəlkə də, nə vaxtsa, Azərbaycanla müəyyən razılıqlar əldə etdi, hərçənd, Parisin regionla bağlı siyasətinə köklü dəyişiklik edəcəyini söyləmək olmaz.
İndi üçün Fransa çalışır ki, Ermənistanı Azərbaycana məğlub olmadığına inandırsın, İrəvandan tərs bir tezis gələndə isə Paris bundan hiddətlənir.
Yəni Fransanın Ermənistanla dostluğu səmimi münasibətlərin fövqündə yox, altındadır.
Nəzərə almalıyıq ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron Qarabağdakı ermənilərin müdafiəsi məsələsində Ermənistanın baş naziri Nikol Paşinyandan daha sərt mövqe tutacağını bəyan etmişdi.
Amma Fransanın Ermənistanla münasibətlərinin ruhu necə olursa-olsun, bu, İrəvanın işğalçılıq siyasəti üçün motivasiya yaradır.
Ən böyük məqsədlərdən biri Azərbaycanın Ermənistanla sərhədlərinin delimitasiyasına, Zəngəzur dəhlizinin strateji məntiqinə qarşı savaş açmaqdır – bu işdə Fransa ilə yanaşı, canfəşanlıq göstərən digər kənar oyunçu İrandır.
Nəticə çıxarası olsaq, sərhəddəki toqquşma ilə Ermənistan özünün işğalçılıq nəfinə mənalı dönüş edə bilməyəcək.
Çünki Azərbaycan milli təhlükəsizliyin zəmanəti üçün hücum və müdafiə də daxil olmaqla çox lazımlı tədbirlər həyata keçirəcək.
Aqşin Kərimov