• C. Noy 22nd, 2024

Zurab Todua: “Avropa İttifaqı SSRİ-nin dağılmasına səbəb olan səhvləri təkrarlayır” – ŞƏRH

ByYenigun.news

Noy 30, 2023


“Avropa İttifaqı SSRİ-nin dağılmasına səbəb olan səhvləri təkrarlayır”.

Bunu tarixçi, politoloq, Moldova Respublikası parlamentinin deputatı (2010-14), postsovet məkanının problemlərinə, o cümlədən Azərbaycan, Özbəkistan və Moldovaya dair 12 kitabın müəllifi Zurab Todua Oxu.Az-la söhbətində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı hazırda açıq-aydın çətin günlərdən keçir:

“Avroskeptiklərin mövqeləri möhkəmlənir. Burada təkcə Macarıstanı, Slovakiyanı və ya “Avropa Mühafizəkarlar və İslahatçılar” partiyasının vitse-prezidenti Çarli Veymersi deyil, həm də Niderlandda keçirilən son seçkinin nəticələrini misal çəkmək olar – ifrat sağçı “Azadlıq” partiyası qalib gəldi”.

Politoloq Aİ-nin ciddi səhvləri arasında tamamilə əsassız hesab etdiyi miqrasiya siyasətini qeyd edib.

“Almaniyanın keçmiş kansleri Angela Merkel bir dəfə Afrikadan, Yaxın Şərqdən Almaniyaya və digər Avropa ölkələrinə kütləvi miqrant axınını alqışlamışdı. Onun fikrincə, milyonlarla insanın hərəkəti Avropanı yeni işçi qüvvəsi ilə təmin etməliydi. Bu, heyrətamiz dərəcədə yanlış fikirdir, çünki Afrikadan və Yaxın Şərqdən gələn miqrantların əksəriyyəti lazımi ixtisas və biliyə malik deyil, ən əsası isə Avropa şəraitinə, həyat qaydalarına uyğunlaşmaq və xüsusən işləmək niyyətində deyil”, – Todua deyib.

Ekspert Aİ-nin başqa bir səhvi kimi, yeni üzvlərin hazırlığını nəzərə almadan çox sürətlə genişlənməsini göstərib:

“İndi də Aİ çatışmazlıqları düzəltmək üçün böyük maliyyə resursları ayırmağa məcburdur. Rumıniya Aİ-dən alınan vəsaitdən səmərəli istifadə etməklə kifayət qədər uğurla və fəal inkişaf edir. Amma məsələn, Baltikyanı ölkələr və Bolqarıstan ciddi çətinliklər yaşayırlar. (Aİ-yə daxil olduğu) 2004-cü ildən inkişaf üçün Aİ büdcəsindən təxminən 200 milyard avro alan Polşa kimi unikal şərtlər başqa heç bir ölkədə olmayacaq”.

O, Aİ-nin əsas donorlarının – Almaniya, Fransa, İtaliyanın – imkanlarının hüdudsuz olmadığını vurğulayıb.

“Ümumiyyətlə, bir çox ekspertlər çoxdan qeyd edirlər ki, Avropa İttifaqı Sovet İttifaqının böhranına və dağılmasına səbəb olan bürokratiya, lənglik, resursların qeyri-bərabər bölüşdürülməsi, siyasətin iqtisadiyyatdan üstünlüyü kimi bir çox səhvləri təkrarlayır”, – deyə Zurab Todua fikrini tamamlayıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir