Müstəqil Azərbaycanın son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
İlham Əliyevin xarici siyasəti müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümunəsidir. Ötən illər ərzində aparılan uzaqgörən xarici siyasət potensialı çox çətin sınaqlardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolundan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər. Müstəqil Azərbaycan Respublikası heç bir dövlətin forpostuna çevrilmədi!
Azərbaycan dövlətinin başçısı qarşısına çıxan bütün problemlərin həllində müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümayiş etdirdi. Xalqımız və Azərbaycanımız üçün lazım olan da elə bu idi!
Ölkə başçısı İlham Əliyevin xarici siyasət sahəsindəki uğurlarının əsas səbəbi budur ki, o, müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilir. Fikrimizcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində uğurla saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır. Bununla İlham Əliyev ona “özü qədər inanan” ulu rəhbərin siyasi vəsiyyətini şərəflə doğruldur!
Vüsal Kazımov