• Ç. Noy 18th, 2026

BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə sadiqlik – dövlətlərarası münasibətlərin əsas təminatı

ByVuqar Ferzeliyev

Noy 17, 2026

     Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı hörmətin, etimadın və əməkdaşlığın qorunması beynəlxalq hüququn fundamental prinsiplərinə əməl olunmasından birbaşa asılıdır. Dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsi beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasının başlıca şərtlərindəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və    Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə    Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin xüsusi vurğulanması mühüm siyasi əhəmiyyət daşıyır.

     Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi dövlətlər arasında münasibətlərin hüquqi əsaslarını müəyyən edən fundamental beynəlxalq sənəddir. Bu sənəd dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, siyasi müstəqilliyi və mübahisələrin sülh yolu ilə həlli kimi mühüm prinsipləri özündə ehtiva edir. Həmin prinsiplərə hörmət edilməsi beynəlxalq münasibətlərdə ədalətin qorunmasına, qarşıdurmaların qarşısının alınmasına və dövlətlər arasında etibarlı əməkdaşlığın formalaşmasına xidmət edir.

     Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmasını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul etmişdir. Ölkəmizin uzun illər ərzində üzləşdiyi Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normalarının qorunmasının nə qədər vacib olduğunu bir daha nümayiş etdirmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası beynəlxalq hüququn fundamental prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarmışdır.

     Birgə Bəyannamədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına xüsusi diqqət yetirilməsi dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm mesajdır. Bu yanaşma hər bir dövlətin öz ərazisi üzərində suveren hüquqlarının tanınmasını, müstəqil siyasət yürütmək imkanının qorunmasını və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə hörmət edilməsini nəzərdə tutur.

     Azərbaycan ilə Böyük Britaniya arasında bu prinsiplər əsasında formalaşan strateji tərəfdaşlıq münasibətləri beynəlxalq hüquqa əsaslanan dünya nizamının qorunmasına verilən önəmi əks etdirir. Tərəflərin BMT Nizamnaməsinə sadiqliyi siyasi dialoqun inkişafı, regional təhlükəsizliyin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm hüquqi və siyasi zəmin yaradır.

     Nəticə etibarilə, Birgə Bəyannamədə əksini tapan bu müddəa yalnız iki dövlətin qarşılıqlı münasibətlərinin deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə hörmətin ifadəsidir. Suverenliyə, müstəqilliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət davamlı sülhün və təhlükəsizliyin əsas şərtidir. Azərbaycanın bu prinsiplərə əsaslanan xarici siyasəti ölkəmizin milli maraqlarının qorunmasına və beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı

Gülnarə Fərəcova

Formun Üstü

Formun Altı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir