Azərbaycan Respublikasında dövlət siyasətinin əsas strateji istiqamətlərindən biri milli təhlükəsizliyin və dövlət suverenliyinin qorunmasıdır. Ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin təmin edilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhəd təhlükəsizliyinin qorunması və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi dövlətin mühüm vəzifələrindəndir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkənin müasir tarixində mühüm nailiyyətlərdən biridir.
Dövlətin strateji fəaliyyətində sosial siyasət də xüsusi yer tutur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrə dəstək göstərilməsi, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi, səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi mühüm vəzifələrdəndir. İnsan kapitalının inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması, elmin və innovasiyaların dəstəklənməsi ölkənin gələcək tərəqqisi üçün böyük əhəmiyyət daşıyır.
Hüquqi dövlət quruculuğu və demokratik idarəetmənin inkişafı da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması cəmiyyətin dövlətə olan etimadını möhkəmləndirir.
Ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin mühafizəsi, su və enerji ehtiyatlarından səmərəli istifadə, alternativ enerji mənbələrinin inkişafı və işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın strateji fəaliyyət istiqamətləri arasında mühüm yer tutur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən quruculuq və bərpa işləri ölkənin gələcək inkişafına mühüm töhfə verir.
Xarici siyasət və beynəlxalq əməkdaşlığın genişləndirilməsi də dövlətin strateji prioritetlərindəndir. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına, regional təhlükəsizliyin möhkəmləndirilməsinə, qarşılıqlı faydalı iqtisadi və siyasi əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verir.
Dövlətin strateji fəaliyyət istiqamətləri ölkənin müstəqilliyinin qorunmasına, iqtisadi qüdrətinin artırılmasına, sosial rifahın yüksəldilməsinə və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edir. Bu istiqamətlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi güclü, təhlükəsiz, müasir və davamlı inkişaf edən Azərbaycan dövlətinin formalaşmasının əsas şərtidir.
Vəliyeva Südabə
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru
