• Ç. Noy 11th, 2026

Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa

ByVuqar Ferzeliyev

Noy 11, 2026
Şuşa Azərbaycanın zəngin tarixini, milli-mənəvi dəyərlərini, qədim mədəniyyətini və incəsənət ənənələrini özündə yaşadan müqəddəs şəhərimizdir. Təsadüfi deyil ki, Şuşa uzun illərdir Azərbaycanın mədəniyyət paytaxtı kimi tanınır. Bu şəhər xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mənəvi irsinin ayrılmaz parçasıdır.
1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa qısa müddətdə     Qarabağ xanlığının mühüm siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Şəhər özünəməxsus memarlığı, təbii gözəlliyi, tarixi abidələri və zəngin ədəbi-musiqi mühiti ilə seçilmişdir. Şuşa Azərbaycan ədəbiyyatına, musiqisinə və incəsənətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətlərin vətənidir. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və digər sənətkarların adları bu şəhərin şöhrətini bütün dünyaya yaymışdır.
Şuşa həm də Azərbaycan muğam sənətinin beşiyi hesab olunur. Burada formalaşan musiqi ənənələri milli mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır. Şəhərdə keçirilən musiqi məclisləri, poeziya gecələri və mədəni tədbirlər Şuşanın zəngin mənəvi mühitinin göstəricisi olmuşdur.
Uzun illər davam edən işğal dövründə Şuşanın tarixi və mədəni irsinə ciddi ziyan dəymiş, bir sıra abidələr dağıdılmış və ya yararsız vəziyyətə salınmışdır. Lakin Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtmaq inamını heç zaman itirməmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi tariximizin ən şanlı səhifələrindən birinə çevrilmişdir. Bu Qələbə xalqımızın milli birliyinin, iradəsinin və əzminin təntənəsi olmuşdur.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Bu qərar şəhərin tarixi və mədəni əhəmiyyətinin dövlət səviyyəsində bir daha təsdiqi idi. Hazırda Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi abidələr yenidən bərpa olunur, mədəni tədbirlər təşkil edilir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən doğma    Şuşada keçirilməsi şəhərin əvvəlki şöhrətinin qaytarılmasının parlaq nümunəsidir.
  Bu gün Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının və regionun mühüm mədəniyyət mərkəzlərindən biridir. Şəhərimiz öz qədim tarixi, zəngin irsi və yenidən canlanan həyatı ilə gələcək nəsillərə milli qürur və vətən sevgisi aşılayır.

Şuşa bizim tariximiz, qürurumuz, milli kimliyimiz və əbədiyaşar mədəniyyətimizin rəmzidir. Şuşanın dirçəlişi Azərbaycanın mədəniyyətinin və milli ruhunun yenidən yüksəlişidir.

Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
Şahnaz Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir