Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır. Lakin Ermənistana qarşı nə sanksiya tətbiq olunmuş, nə də o, cəzalandırılmışdır. Bax, ikili standart budur.
Amma ikili standartlar təkcə bununla məhdudlaşmır. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?
Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.
Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirik ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir
Ən azından biz məsələyə belə yanaşırıq. Bundan əlavə, sizdə daha dolğun təsəvvür yaratmaq üçün onu da demək istəyirəm ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur.
Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik.
Mirağa Həsənov,
Sahibkar
