• Be. Okt 26th, 2026

Ümumilikdə rayonda 79.812 hektar torpaq fondu vardır.

ByVuqar Ferzeliyev

Okt 26, 2026

   Qubadlı rayonu zəngin təbii ehtiyatları, münbit torpaqları, meşə sahələri və su mənbələri ilə seçilən ərazilərimizdən biridir. Rayonun ərazisində əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzənliklər kənd təsərrüfatı üçün əlverişli torpaq sahələrinə malikdir. Bu ərazilər əkinçilik və heyvandarlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İşğaldan əvvəl rayonun torpaq fondu müxtəlif təsərrüfat sahələri üzrə istifadə olunurdu. Mövcud məlumatlara əsasən, 14 956 hektar əkin sahəsi, 850 hektar çoxillik bitkilər, 631 hektar biçənək, 17 192 hektar örüş və otlaq, 543 hektar həyətyanı torpaq, 582 hektar bağ və üzümlük mövcud olmuşdur. Bundan əlavə, rayonun 13 160 hektar ərazisini meşələr təşkil edirdi. Meşə örtüyü biomüxtəlifliyin qorunması, torpaqların mühafizəsi və ekoloji tarazlığın saxlanılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Rayonun hidroqrafik şəbəkəsinə Bərgüşad və Həkəri çayları, eləcə də onların qolları daxildir. Ağa çayı, Kiçik Həkəri və Meydandərəsi kimi su axarları ərazinin təbii landşaftının formalaşmasında və su ehtiyatlarının təminatında rol oynayır. Qubadlı həmçinin təbii dərman bitkiləri ilə zəngindir ki, bu da onun bitki örtüyünün müxtəlifliyini göstərir.

Rayonun yeraltı sərvətləri arasında Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəngdaşı yataqları qeyd olunur. Mollabürhan kəndinin cənubunda tuf daşı, Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində isə əqiq yatağı mövcuddur. Bu təbii sərvətlər rayonun iqtisadi potensialının mühüm hissəsini təşkil edir. Onların səmərəli istifadəsi ilə yanaşı, təbiətin qorunması və ekoloji tarazlığın saxlanılması da vacibdir.

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                       Rauf Salmanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir