Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə görüşü və səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini – müxtəlif regionlarla qarşılıqlı maraqlara əsaslanan əlaqələrin genişləndirilməsini bir daha gündəmə gətirdi. Cənub-Şərqi Asiyanın ölkəmiz üçün perspektivli tərəfdaşlarından biri olan Laosla münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirmək, iqtisadi əlaqələrini şaxələndirmək və yeni imkanlar yaratmaq strategiyasına uyğundur.
Azərbaycanla Laos arasında diplomatik münasibətlərin otuz ildən artıq tarixə malik olması siyasi dialoq üçün möhkəm zəmin formalaşdırıb. Ölkələr beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, parlamentlərarası və siyasi əlaqələri inkişaf etdirirlər. İndi əsas vəzifə bu siyasi etimadı iqtisadi, humanitar və texnoloji sahələrdə konkret nəticələrlə möhkəmləndirməkdir.
Səfər zamanı Birgə Bəyanatın qəbul edilməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi ilə bağlı sənədlərin mübadiləsi münasibətlərin praktik məzmununu genişləndirən addımlardır. Bu sənədlər tərəflərin əməkdaşlığı ayrı-ayrı sahələr üzrə sistemli şəkildə inkişaf etdirmək niyyətini nümayiş etdirir.
Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri Azərbaycanla Laos arasında ticarət dövriyyəsinin mövcud potensialdan aşağı olmasıdır. Siyasi münasibətlərin müsbət səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bunun üçün sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı bazar imkanlarının öyrənilməsi və birgə layihələrin təşviqi vacibdir. Bakıda biznes forumunun keçirilməsi planı da bu baxımdan əhəmiyyətlidir. Belə görüşlər şirkətlərə potensial tərəfdaşlarını tanımaq, investisiya imkanlarını qiymətləndirmək və konkret iqtisadi təşəbbüslər ətrafında razılığa gəlmək imkanı verir.
Pərvanə Hüseynova,
Cəlilabad rayon sakini, şəhid Ramazan Hüseynzadənin anası
