Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 8 oktyabr tarixində Türkmənistanın Avaza şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Son illərdə qəbul olunmuş qərarlar regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Ölkəmizi Mərkəzi Asiya ölkələri ilə tarixi köklər, mədəni əlaqələr, dini-mənəvi dəyərlər, milli adət-ənənələr birləşdirdiyi üçün bu dövlətlər daim sağlam münasibətlərdə olmuş, bir-birlərinə dəstək vermişlər. Bu ənənələr hazırki dövrdə uğurla davam etdirilir. Mərkəzi Asiya ölkələri rəhbərlərinin son illərdə milli mənafelərin qorunması, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi üçün yollar axtarır, taleyüklü məsələlərdə eyni mövqeydən çıxış edirlər.
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.
Şübhəsiz, 8-ci Məşvərət görüşündə qəbul edilmlş qərarlar əlbəttə münasibətlərin yaxşılaşdırılmasına, əlaqələrin möhkəmləndirilməsinə yeni bir təkan verəcəkdir. Qeyd edildiyi kimi qardaş xalqlar arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Səbinə İsmayılova,
ADPU Cəlilabad filialının təbiət və sosial elmlər, onların tədrisi
texnologiyası kafedrasının müdiri
