Azərbaycanın xarici siyasət kursunda demokratik ölkələrlə çoxtərəfli münasibətlər sistemi üstünlük təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu günü-gündən yüksəlir və dünya dövlətləri ilə dostluq münasibətləri möhkəmlənir.
Azərbaycanla Türkmənistanı bir-birinə ortaq din, tarix, dil və mədəniyyət bağlayır və bu amillər iki ölkə münasibətlərinin möhkəm təməl üzərində qurulmasına şərait yaradıb. Tarixi köklərə bağlı olan Azərbaycan-Türkmənistan münasibətləri hələ sovetlər dövründə dinamik inkişaf edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Türkmənistan 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və həmin dövrdən etibarən iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zamanı keçirilmiş görüş və mətbuata verilmiş bəyanat iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Bu görüş diplomatik protokol xarakteri daşımır, eyni gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş zamanı Türkmənistanın beynəlxalq uğurlarına sevindiyini ifadə edən Prezident İlham Əliyevin Qarabağın bərpasında köməyə və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə Türkmənistan rəhbərliyinə təşəkkür etməsi tərəflər arasında müzakirələrin məhsuldarlığı və əhatə dairəsi əlaqələrin artıq yüksək səviyyəyə çatdığını göstərir. Siyasi dialoqun fəallığı, qarşılıqlı səfərlərin intensivləşməsi və gündəlikdə olan məsələlərin genişliyi Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Azərbaycan ilə Türkmənistan arasında bu istiqamətdə müşahidə olunan dinamika xüsusi diqqət çəkir. Görüş zamanı regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, iqtisadi əlaqələr və enerji siyasəti kimi mühüm mövzular ətrafında geniş fikir mübadiləsi aparılması tərəflərin ortaq maraqlarının çoxşaxəli olduğunu göstərir.
Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir və bu baxımdan türkmən qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması məsələsi xüsusi aktuallıq daşıyır. Yeri gəlmişkən, hazırda Xəzər dənizinin dibi ilə mümkün qaz kəmərinin çəkilməsi və Türkmənistan qazının “Cənub qaz dəhlizi”nə inteqrasiyası perspektivləri müzakirə olunur. Layihənin reallaşması həm Avropanın enerji təhlükəsizliyinə töhfə verə, həm də Azərbaycan və Türkmənistan üçün əlavə iqtisadi dividendlər yarada bilər. Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında Xəzər dənizi üzərindən “Yaşıl dəhliz” layihəsinin həyata keçirilməsi istiqamətində də işlər aparılır. Layihənin reallaşması nəticəsində “yaşıl enerji” ötürülməsi, rəqəmsal əlaqələrin genişləndirilməsi və fiber-optik xətlərin çəkilməsi mümkün olacaq. Zəngəzur dəhlizinin açılması perspektivi də Mərkəzi Asiya ölkələri üçün yeni logistika və nəqliyyat imkanları yaradacaq.
Bu gün ölkəmizlə Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, mədəni-humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin əsas istiqamətlərini təşkil edir.
İki ölkə arasında olan dostluq və qardaşlıq münasibətləri əsas verir ki, tərəflər arasında əlaqələrin institusional əsasları daha da möhkəmlənəcək və yeni inkişaf mərhələsinə qədəm qoyan əməkdaşlığın davamlılığı təmin ediləcək.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi
