Bakıda avtomobilləri qaçıran, şəhərdə gəzdikdən sonra onları müxtəlif ünvanlarda qoyub getdiyinə görə saxlanılan şəxsin məhkəməsi keçirilib. 1986-cı il təvəllüdlü A.Q. Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə – təkrar törədildikdə) ilə təqsirli bilinərək cəzalandırılıb.
“Qafqazinfo”nun məlumatına görə, o, qanunsuz olaraq avtomobilləri ələ keçirib. İlk dəfə bu il fevralın 15-də küçədə işlək vəziyyətdə saxlanılmış “BMW 525” markalı avtomobili qaçırıb. A.Q. təkrarən fevralın 20-də işlək vəziyyətdə saxlanılmış “Volkswagen Jetta” markalı avtomobillə eyni əməli törədib. Daha sonra polis əməkdaşları onun yerini taparaq barəsində araşdırma başladıblar.
Həmçinin oxuyun: Bakıda 700 bal toplamış gənclər ailə qurdu – Foto
Məhkəmədəki ifadəsində məlum olub ki, təqsirləndirilən şəxs I qrup əlildir: “Sağ ayağımdan əliləm. Fiziki işlər görə bilmirəm, əsa ilə hərəkət edirəm. Buna baxmayaraq, uşaqlıqdan avtomobil idarə etmək həvəskarıyam. “BMW”ni qaçırandan sonra şəhərdə qısa müddət sürüb avtomobilə heç bir zərər yetirmədən, sahibinə aid hər hansı əşya oğurlamadan, avtomobilin hər hansı detalını, hissəsini sökmədən Azadlıq prospektində tərk edib getdim. Bundan sonra təkrarən avtomobil sürmək həvəsi mənə güc gəldi. Yenidən başqa bir avtomobil qaçırdım. “Volkswagen Jetta” markalı avtomobilin sahibi onu işlək vəziyyətdə saxlayıb aptekə daxil oldu. Bunu görüb maşını sürmək, şəhərdə gəzmək qərarına gəldim. Sürüb oradan uzaqlaşdım. Şəhərdə qısa müddət hərəkət edib Dövlət Sirkinin binasının yaxınlığında avtomobilin qabaq sağ təkərinin boşaldığını gördüm. Bu vəziyyətdə onu sürmək mümkün olmadığından və ayağım əlil olduğundan avtomobili saxlayıb tərk etdim. Gedərkən oğurlanmaması üçün qeydiyyat nişanlarını çıxarıb arxa yük yerinə qoydum. I qrup əliləm, etdiyim əməldən peşmanam”.
Qaçırılan avtomobillərin sahibləri də onlara hər hansı zərər vurulmadığına görə, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri olmadığını bildiriblər.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə A.Q.-yə 18 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək vəzifələri qoyulub.