Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Global Media Group”un media-direktoru, jurnalist Həmid Həmidova eksklüziv müsahibəsi zamanı Fərrux məntəqəsi yaxınlığında kütləvi məzarlıq aşkar edilməsi məsələsinə münasibət bildirib.
“Mən hələ nazir olarkən bu məsələni “Qırmızı Xaç”la müzakirə etmişəm. Biz həmin vaxt Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə “Qırmızı Xaç”la razılığa gəldik ki, onlar azərbaycanlıların kütləvi dəfn olunduğu yerləri axtaracaqlar”, – deyə E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, Fərrux ətrafında tapılanlar çox ciddi faktordur.
“Kütləvi məzarlıqlar problemi də eynilə Ermənistanın işğalının Azərbaycana vurduğu iqtisadi zərərin hesablanması məsələsi kimi həmişə gündəmdə olmalıdır. İndiki halda bizim, o cümlədən Ermənistanın bütün bu məsələlərin arxasında dayandığının açıq şəkildə ifadə edildiyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” qərarı da daxil olmaqla bütün hüquqi əsaslarımız var.
Əgər biz digər ölkələrin müharibə və münaqişələrinin nə ilə sonlandığı xatırlasaq, o zaman təbii ki, Ermənistan təkcə mənəvi deyil, həm də maddi baxımdan məsuliyyət daşımalıdır.
İndi materiallar toplanmalı, dəymiş ziyan qiymətləndirilməlidir. Mən bilirəm ki, bununla bağlı materiallar toplanır. Əgər Ermənistan buna könüllü şəkildə razılaşmasa məhkəməyə vermək lazımdır”, – deyə E.Məmmədyarov bildirib.