• Be. Noy 25th, 2024

Aprel döyüşləri: Böyük Zəfərin başlanğıcı

ByYenigun.news

Apr 1, 2022

Azərbaycan Prezidenti İlham Əliyev: “Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”.

Bütün dünyada təlatümlü proseslərin baş verdiyi indiki dövrdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin ictimai çəkisini, geosiyasi əhəmiyyətini və heç şübhəsiz ki, milli məzmununu daha dərindən təhlil etmək üçün yeni arqumentlər yaranır. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı, həm də dünyaya, xüsusilə də torpaqlarının bir hissəsi işğal altında olan bir çox ölkələrə unikal nümunə göstərdi. Bir-biri ilə amansız mübarizə aparan və qalib olmaq üçün beynəlxalq hüququ, hətta elementar insani dəyərləri belə tapdalamağa hazır olan böyük güclərin açıq və gizli çəkişmələri fonunda Cənubi Qafqazda 30 il ərzində formalaşmış status-kvonu dəyişmək üçün əlverişli vaxt seçmək çox çətin idi. Azərbaycan zamanı dəqiq seçdi, Ermənistanın uzun müddətdir davam edən təxribatlarına lazımi anda cavab verdi. Prezident İlham Əliyevin: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” tezisi əslində Vətən müharibəsində qazanılmış tarixi zəfərin geosiyasi fəlsəfəsini çox dəqiq şəkildə ifadə edir. 

Aprel döyüşlərinin 6-cı ildönümünü qeyd etdiyimiz bu günlərdə biz Vətən müharibəsinə daha geniş baxış bucağından yanaşmaq imkanına sahibik. 

6 il öncə, 2016-cı il aprelin 2-də Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə əməliyyatını zərurətə çevirdi. Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqeləri düşməndən azad etdi. Bu, Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə idi. 

Bir çoxları, o cümlədən yerli və xarici ekspertlər aprel döyüşlərini “44 günlük müharibənin məşqi” adlandırırlar. Onlar xeyli dərəcədə haqlı ola bilərlər, lakin müharibələr həm də təhlükəsizlik baxımından açıqlanması məqsədəuyğun hesab edilməyən gizli strategiyalara əsaslanır. Bu baxımdan, aprel döyüşlərinin əsl məqsədini dəqiqliklə təyin etmək mümkün olmaya bilər. Bununla belə, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən bu əməliyyatın tərəflərin qüvvələr nisbətini üzə çıxarmaq, geosiyasi mənzərəni, regionda təsiri olan qüvvələrin maraq və mənafelər dairəsini aydınlaşdırmaq baxımından mühüm rol oynadığını demək mümkündür. Status-kvo Ermənistanı tamamilə, regiona təsir imkanları olan böyük güclərin əksəriyyətini isə əsasən qane edirdi. Aprel döyüşləri əslində işğalçı Ermənistanı sülhə məcbur etmək cəhdi kimi qiymətləndirilə bilər. Məhz bu hadisədən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi sonradan imtina etdiyi sülh vədləri ilə çıxış etməyə başlamış, danışıqlar prosesində nəzərəçarpacaq intensivlik müşahidə olunmuşdu. Lakin Ermənistan hökuməti müxtəlif manevrlərlə prosesi ləngitmək, məsələnin həllini uzatmaq, mümkün olsa hətta qeyri-müəyyən bir formada zamanın ixtiyarına buraxmaq taktikasını seçmişdi. Zaman isə Azərbaycanın xeyrinə işləyirdi…

Aprel döyüşlərinin ən böyük nəticələrindən biri həm də bundan ibarət idi ki, hərbi-psixoloji üstünlük Azərbaycana keçdi. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış təsəvvürlər alt-üst oldu. 2016-cı ilə kimi bir çoxları yeni müharibənin status-kvonu dəyişməyəcəyini düşünürdü. 2016-cı ilin aprelindən sonra 20 ildən çox bir müddətdə formalaşmış bu baxış əsaslı şəkildə dəyişdi. Azərbaycan ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Bu, həm Ermənistana, həm də onun himayədarlarına atəşkəsdən sonra vurulmuş ilk böyük psixoloji zərbə oldu. 

Hərbi əməliyyatların dayandırılmasından sonra aparılan danışıqlarda irəliləyişin əldə olunmamasına baxmayaraq, Ermənistanın getdikcə daha çətin duruma düşdüyünü artıq beynəlxalq ekspertlər də, danışıqlar prosesinin bütün iştirakçıları da anlayırdı. 2016-cı ildən 2020-ci ilə qədər olan dövrdə baş verən bir çox hadisələr əslində Azərbaycanın öz torpaqlarını azad etmək üçün bütün imkanlarını səfərbər etdiyini göstərirdi. Şübhəsiz ki, Ermənistan da müharibəyə hazırlaşırdı. Həm də bu hazırlıq “Azərbaycanı son dəfə cəzalandırmaq” eyforiyası üzərində qurulmuşdu. Azərbaycanla Ermənistan arasında yeni müharibəyə hazırlıq prosesini fərqləndirən bir neçə mühüm detal mövcud idi: Ermənistan işğalı genişləndirməyə (ovaxtkı müdafiə nazirinin ABŞ-da verdiyi məlum bəyanat buna dəlalət edir), Azərbaycan işğala son qoymağa hazırlaşırdı; Ermənistan və Azərbaycanda ordunun, eyni zamanda, xalqın mənəvi-psixoloji hazırlıq səviyyəsi fərqli idi; Hərbi gücün artırılması üçün atılan addımlar iqtisadi imkanlara mütənasib idi (Azərbaycan və Ermənistanın iqtisadi potensialının müqayisəolunmaz dərəcədə fərqli olması); və nəhayət Azərbaycan XXI əsrin müharibəsinə hazırlaşırdı, Ermənistan isə hələ də uzaq 90-cı illərdə ilişib qalmışdı.  

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verən hadisələr ilk dövrlərdə sülhə olan ümidləri artırsa da daha sonrakı mərhələdə bu ümidlərin əsassız olduğu üzə çıxdı. 2020-ci ilin sentyabrında Azərbaycan ordusunun mövqelərinə və dinc yaşayış məskənlərinə Ermənistan silahlı qüvvələri tərəfindən endirilən zərbələr müharibənin başlanmasını qaçılmaz etdi. Azərbaycanın genişmiqyaslı hücumlara cavab olaraq həyata keçirdiyi əməliyyatlar qısa müddətdə Ermənistan ordusunun darmadağın edilməsi və yüzlərlə kəndin azad olunması ilə başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan olunmuşdu. Bu, faktiki olaraq Ermənistanın kapitulyasiya aktı idi.

Qeyd olunanları ümumiləşdirsək 2016-cı ilin aprel döyüşlərinin Azərbaycan üçün strateji nəticələrini bir neçə istiqamət üzrə sıralamaq mümkündür:

– Hərbi istiqamətdə: Ermənistan ordusu haqqında yaradılan məğlubedilməzlik mifi ilk dəfə ciddi zərbə aldı; Azərbaycan ordusunun döyüş meydanında aşkar üstünlüyü təsdiqini tapdı;
– Diplomatik sahədə: danışıqlar prosesində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi;
– Mənəvi-psixoloji baxımdan: Ermənistan cəmiyyətində, eləcə də siyasi elitada, xüsusilə də hərbi strukturlarda uzun illər ərzində formalaşmış “qalib ədasını” xeyli dərəcədə sarsıtdı;
– Azərbaycan ictimai rəyində qələbəyə inamı daha da möhkəmləndirərək, milli birlik və həmrəyliyin gücləndirilməsinə ciddi təsir göstərdi;
– Regional, eləcə də qlobal gücləri, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yeni reallıqlar kontekstindən baxmağa sövq etdi, status-kvonun güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyü barədə təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişdi.

Bütün bu qeyd olunan məqamların əlbəttə ki, aprel döyüşlərinin nəticələri kimi hər birini ayrı-ayrılıqda təhlil etmək mümkündür. Çünki onların hər biri 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərin ayrı-ayrı sütunları kimi nəzərdən keçirilə bilər. Lakin, düşünürəm ki, biz aprel döyüşlərinin geosiyasi aspektlərinə daha çox diqqət yetirməliyik. Çünki məhz geosiyasi amillər Azərbaycanın qazandığı qələbənin siyasi müstəvidə təsdiqi və etirafının ən vacib şərtidir. Görünür Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyərkən, məhz bu həssas, həm də son dərəcə vacib məqamı nəzərdə tuturdu. Azərbaycan xalqını qalib xalqa çevirən də məhz “nəyi, nə vaxt və necə edəcəyini bilən liderə sahib olmasıdır.  

Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir