• Bz. Noy 24th, 2024

Elmar Məmmədyarov: “Danışıqlarla Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılmasını təmin edə bilərik”

ByYenigun.news

Apr 1, 2022

“Qarabağın statusunu Azərbaycan müəyyən etməlidir. Necə bizim digər rayonlarımız var, eləcə də Qarabağ rayonu olmalıdır”.

Oxu.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

O bildirib ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının olması qorxulu deyil, vaxtilə Qəbələdə də Rusiya əsgərləri dayanmışdı:

“Amma danışıqlardan sonra Rusiya əsgərləri Qəbələdən çıxdılar. Bu o demək deyil ki, rusiyalı sülhməramlılar həmişə orada qalacaq. Əgər siyasi rəhbərliyimiz qərar qəbul etsə ki, təhlükəsizlik məsələsini özümüz təmin edə bilərik, Rusiya əsgərlərinin orada qalmasının mənası olmur. Diplomatik danışıqlar əsasında biz Rusiya sülhməramlılarının oradan çıxarılmasını təmin edə bilərik”.

“Əsas odur ki, erməni əhalisi tam şəkildə Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Nikol Paşinyan deyir ki, söhbət ermənilərin hüququndan gedir. Bu, düzgün deyil. Millətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşının hüquqları qorunur. Onlar bilməlidirlər ki, erməni əhalisi Azərbaycan vətəndaşı olmaqla qazanacaq, nəinki separatçılıq yaratmağa davam etməklə”, – deyə E.Məmmədyarov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir