• Bz. Noy 24th, 2024

Aİ: “Azərbaycana minaların təmizlənməsi üçün daha çox vəsait ayırmağa hazırıq”

ByYenigun.news

Apr 1, 2022

“Biz minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir, UNDP ilə sıx əməkdaşlıq edir, öz təcrübələrimizi bölüşürük”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Azərbaycanla Aİ arasında ekoproqram çərçivəsində əməkdaşlıq olduğunu bildirib:

“Biz münaqişələrdən əziyyət çəkənlərin ehtiyaclarını ödəməyə çalışırıq. ANAMA-ya 2,5 milyon avro yardım göstərmişik ki, bunun da 1.5 milyonu humanitar minalardan təmizlənmə üçün ayrılıb. Bundan başqa, UNICEF vasitəsilə 500 min avro ayırmışıq. Cənubi Qafqazın, Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, əhalinin qayıdışı və bu ərazilərdən səmərəli istifadə üçün vacibdir”.

Mixalko daha çox vəsait ayırmağa hazır olduqlarını deyib:

“Biz ANAMA və UNDP ilə sıx işləyirik. Aİ çox yaxşı başa düşür ki, müharibə nə deməkdir, onun nəticələri nədir. Minalar dəhşətli silahdır və hərbçi ilə mülki əhali arasında fərq qoymur. Bunun üçün də mina qurbanlarının 80 faizi uşaqlardır. Minalardan təmizlənmə insanlar üçün lazımdır, əhalinin gələcəyi üçün bu problemlər həll olunmalıdır. Biz Ottava Konvensiyasını dəstəkləyirik, 27 Aİ üzvü bu Konvensiyanı ratifikasiya edib. Biz Azərbaycanın və digər Qafqaz ölkələrinin bu Konvensiyaya qoşulmasını dəstəkləyirik, Avropa İttifaqı Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək, minatəmizləməyə, bərpa və quruculuq işlərinə də öz köməyini göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir