Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti, ANAMA, BMTİP tərəfindən humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda Böyük Britaniyanın səlahiyyətli səfiri Ceyms Şarp çıxışında bildirib ki, insanlar 30 il əvvəl tərk etdiyi torpaqlarına qayıtmaq istəyir, bunun üçün isə bu torpaqlar minalardan təmizlənməlidir.
APA xəbər verir ki, diplomat Britaniyanın bu prosesə maliyyə vəsaiti ayırdığını da vurğulayıb.
“Biz Azərbaycanın qlobal fondların yaradılması fikrini dəstəkləyirik. ANAMA-ya daha çox yardım göstərilməlidir. Britaniya olaraq fəxr edirik ki, biz bu problemin həllinə töhfə veririk, insanların ağrılarının azalmasına, barışığa töhfə veririk. Mən azad olunmuş ərazilərdə olmuşam, bu torpaqlarda yenidənqurma işlərini görmüşəm, yollar, hava limanı, dəmiryolu tikilir və mən bunlara şahid olmuşam. Bu, böyük nailiyyətdir, sizi təbrik edirəm! Əlbəttə, bunlar həm də ANAMA-nın fəaliyyəti nəticəsində mümkün olub. Minaların təmizlənməsi insanların təhlükəsizliyi üçün vacibdir və inanırıq ki, Azərbaycan qlobal səviyyədə bu sahədə liderlik göstərəcək”.