• Be. Noy 25th, 2024

Fransada prezident seçkiləri: Namizədlərin ermənilərə sevgisi, anti-Azərbaycan mövqeləri diqqət çəkir – TƏHLİL

ByYenigun.news

Apr 2, 2022

Fransada prezidentliyə namizədlər erməni lobbisinin dəstəyini qazanmaq üçün qeyri-ciddi vədlər verirlər. Hətta Ermənistan mətbuatı da yazır ki, namizədlərin belə açıqlamaları İrəvan üçün problem yaradır və Fransanın regionda nüfuzunu sarsıdır.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Aprelin 10-da Beşinci Respublikanın 12-ci prezidentini seçəcək fransızlar kimə üstünlük verəcəklər?  Emmanuel Makronun daha beş il “sükan” arxasında qalmasına, yoxsa başqa namizədə şans verəcəklər? Sorğular hələ ki Makronun üstünlüyünü göstərsə də, seçkilərin sürprizlə nəticələnəcəyi və Fransa siyasətinin sağa dönüşü ilə başa çatacağı ehtimalı da qalır. Qərb mediası qeyd edir ki, iki iddiaçı aprelin 24-də baş tutacaq ikinci turda qarşılaşacaq. Makron mütləq iki aparıcı namizəddən biri olacaq, lakin kimin ikinci olacağı məlum deyil.

Fransada budəfəki prezident seçkiləri bir qədər fərqli ab-havada keçir. Namizədlərin siyahısına və əhalinin ən çox ümid bəslədiyi şəxslərə nəzər yetirsək, görərik ki, Emmanuel Makronun partiyası, həmçinin sağ ideologiyalı partiyalar daha üstün durumdadırlar. Makron seçkinin əsas favoriti sayılır və ictimai rəy sorğularında liderlik edir. Sorğunun nəticələrinə görə, demək olar ki, hər iki fransızdan biri birinci tura cəmi 3 ay qalmış Makronu qalib hesab etdiyini bildirib. Onun əsas rəqibi “Respublika”çı Valeri Pekres və sağ radikalçıların namizədi Marin Le Pen hərəyə 14 faizlik dəstəyə malikdirlər. “Rekonkista” hərəkatının lideri Erik Zemmur 6, “Əyilməyən Fransa” partiyasının sədri Jan-Lük Melanşon isə 5 faiz səsə ümid edə bilər. Hələ ötən ilin dekabr ayında Makron yaranan siyasi şəraitin ona ikinci müddət haqqında düşünməyə əsas verdiyini söyləmişdi. Ölkə iqtisadiyyatında pandemiyadan sonrakı əhəmiyyətli artım onun reytinqini yaxşılaşdırıb və Rusiyanın Ukraynaya hücum etməsindən sonra daha da möhkəmlənib. Makron həm Vladimir Putin, həm də Vladimir Zelenski ilə müntəzəm telefon danışıqları apararaq, müharibənin qarşısını almaq üçün diplomatik səy göstərib. Le Pen ifrat sağçı Milli Cəbhə partiyasının lideri olaraq Makronun əsas rəqibi kimi görünür. Çox güman ki, 2017-ci ilin mübarizəsi təkrarlanacaq. Təhlilçilər deyirlər ki, onun iqtisadi məsələlərlə bağlı mövqeyi, xüsusən də enerji qiymətlərinin artması fonunda ölkə vətəndaşlarına verdiyi vədlər inam qazanmasına kömək edib. Maraqlıdır ki, onun qardaşı qızı Marion Mareçal artıq digər namizəd Erik Zemmuru dəstəklədiyini bəyan edib. Prezident seçiləcəyi təqdirdə Fransanın NATO-nu tərk edəcəyini deyən Le Pen bildirib ki, öz maraqlarımızı azad şəkildə müdafiə etməli, hərbi bloklardan çıxmalı, bir daha başqalarının münaqişələrinə cəlb olunmamalıyıq. Üçüncü dəfə prezidentliyə namizəd olan Le Pen 2017-ci il prezident seçkilərinin ikinci turunda 33,9 faiz səs qazanıb. Müsəlmanların məsciddən kənarda qılınan cümə namazlarını “Alman işğal” adlandıran Le Pen əcnəbilərin ölkəyə girişinin məhdudlaşdırılmasının, ağır cinayətlər törədən və ictimai asayişi təhdid edən əcnəbilərin deportasiya edilməsinin tərəfdarıdır.

Digər namizədlərə gəldikdə, Jan-Lui Melenkon minimum əmək haqqının 1400 avroya qaldırılması, səsvermə hüququnun 16 yaşa endirilməsi və maaşlarda gender bərabərliyi vəd edir. Namizədlər arasında Zemmura gəldikdə, o, 2009-cu ildə “Cinayətkarların çoxu ərəb və qaradərililərdir” dediyi üçün “Le Figaro”dan qovulub. Zemmurun ən mühüm anlayışları bunlardır: ifrat mühafizəkarlıq, anti-İslam və immiqrasiya, mədəni baxımdan homogen xalq üzərində qurulan millətçilik və milli dövlət. Zemmur İslam və müsəlmanlara qarşı çıxışları ilə tanınır. O, ölkədə doğulanlara müəyyən şərtlərlə verilən vətəndaşlıq hüququnu ləğv etmək, əcnəbilərə verilən sosial müavinətləri dayandırmaq, uşaqlara Məhəmməd adının verilməsini qadağan etmək niyyətindədir. İfrat sağçı Zemmur ölkədəki problemlərin mənbəyinin müsəlmanlar, ərəblər, qaradərililər, ümumiyyətlə mühacirlər olduğunu bildirib.

Seçkilərlə bağlı diqqət çəkən məqamlardan biri bəzi namizədlərin ermənilərə sevgisi, daha doğrusu onlardan istifadə etməsi və bu xüsusda atdıqları addımlardır. Qeyd edilən xüsusda faşist ideologiyasının təbliğatçısı kimi tanınan Erik Zemmurun, Valeri Pekrezin Ermənistan səfərləri, anti-Azərbaycan mövqeləri xüsusi diqqət cəlb edir. Erməni lobbisinin prezidentliyə namizədi Valeri Pekres Azərbaycan və Türkiyəyə qarşı nifrəti ilə tanınıb. Bu xanım erməni maraqlarını müdafiə edərək, erməni lobbisi və diaspor təşkilatlarının maksimum dəstəyini qazanmağa çalışır.  Seçki kampaniyasındakı bütün çıxışlarında  beynəlxalq sənədlərdə təcavüzkar kimi tanınan  Ermənistanın vəkili  olmasını da gizlətmir. Sözsüz ki, bu şəxslərin ermənilərlə belə yaxınlığının əsas məqsədi Fransadakı erməni diasporunun dəstəyini almaqdır. Ermənistanın “1in.am” nəşri yazır ki, həmin namizədlər özlərinə siyasi xal toplamağa çalışdıqları halda İrəvan üçün problem yarada bilərlər. Bunlar fonunda Ermənistanın “Past” nəşri yazır ki, xarici siyasət sahəsində İrəvan ciddi qüsurlara yol verir. Konkret olaraq Fransada bəzi namizədlərin erməni sevgisinə gəlincə, bu, həm də Fransanın regionda nüfuzunu sarsıdır.  Bu fakt bir daha onu göstərir ki, Fransada bəzi siyasətçilər erməni lobbisinin təsiri altında qərarlar qəbul edir. Xüsusən də Pekrez bunun real nümunəsidir və ölkəsinin regionda mövqeyinə ciddi xələl gətirir. Beləliklə, böyük ehtimalla, Fransada prezident seçkilərində ikinci tur olacaq. Mübarizə mərkəzçi Makron və sağ və ultra sağçıların tərəfdarları arasında gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir