Rusiya-Ukrayna müharibəsinə dair masa üzərində olan planlar barədə ən səhih məlumatlar Britaniya kəşfiyyatındadır. Qərbi kəşfiyyat informasiyaları ilə əsasən Britaniyanın Gizli Kəşfiyyat Xidməti (“MI6”) təmin edir, çünki onun gücünün ölçüsü təsəvvürəgəlməz dərəcədə böyükdür.
İkinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyatı özünün böyük şəbəkəsini qurmuşdu, bəşəri müharibənin bitməsində Londonun kəşfiyyat həmlələrinin böyük rolu olmuşdu. Onları sadalasaq, mövzu uzanacaq, sadəcə qeyd edək ki, soyuq müharibə illərində də Britaniya SSRİ-yə qarşı ən effektiv fəaliyyət göstərən kəşfiyyat mexanizmlərinə yiyələnmişdi.
Sadəcə bir misal: 1962-ci ildə SSRİ-nin Kubaya nüvə başlıqlı raketlər yerləşdirməsi barədə ilk məlumatı Britaniya kəşfiyyatı əldə etmişdi, özü də SSRİ Baş Kəşfiyyat İdarəsinin zabiti Oleq Penkosvki vasitəsilə.
Kəşfiyyatın ABŞ-a ötürdüyü informasiyalar əsasında hərbi-siyasi, diplomatik hərəkətlərə start verilir, nəhayətdə razılıq əsasında SSRİ raketləri geri çəkir.
Britaniya kəşfiyyatının ali orqanı “MI6” indi də keçmiş ənənəsindən qopmayıb və onu müasir dövrün çağırışlarına uyğun formalaşdırıb. Görünür ki, “MI6” Rusiyanın ictimai-siyasi dairələrinə nüfuz edə bilib və dəqiq məlumatlara sahiblənir. Həmin bilgilərin öz həqiqi mənasından uzaq tutularaq təhrif edilmiş formada çatdırılması isə təbliğatdır, bunu da Britaniya mükəmməl şəkildə bacarır – təbii ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiyalı formada.
Britaniya baş verəcəkləri əvvəldən hesablamışdı, 2020-ci ildə London müasir müharibələrin bir elementi olan kibermüdaxilə imkanlarını artırmaq üçün Milli Kiber Qüvvə yaratdı. Bu qurum müdafiə və kəşfiyyat imkanlarını bir araya gətirir. Bu orqan Britaniyanın qlobal prioritetlərini təmin etmək üçün məqsədyönlü kiberhücumlar həyata keçirir.
Britaniyanın Milli Kiber Qüvvəsi Britaniya hərbi kəşfiyyatını, “MI6”nı, müdafiə texnologiyası ilə bağlı qurumları vahid komandanlıq altında birləşdirir.
Rusiyanın isə ali kəşfiyyat fəaliyyəti rəqibi Britaniyanın yanında çox sönük görünür, ona görə də Moskva beynəlxalq rəy yarada bilmək potensialından, demək olar ki, məhrum səviyyəsinə enib.
Rusiyanın kəşfiyyat və beynəlxalq informasiya platformalarından sıxışdırılmasında Britaniya xüsusi rola sahiblənib, bu isə belə nəticə çıxarmağa imkan verir ki:
1. Britaniya kəşfiyyatı kiberhücumlarla Rusiyanın hərbi sirlərini ələ keçirir,
2. Rusiyada Britaniya kəşfiyyatının agentura şəbəkəsi effektiv işləyir,
3. Hətta bu versiya da güclənir ki, Rusiyanın əhəmiyyətli postlarında Britaniya kəşfiyyatı öz adamlarını yerləşdirib.
Aqşin Kərimov