Müstəqil Azərbaycanın son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli – siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
İlham Əliyevin xarici siyasəti müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümunəsidir. Ötən illər ərzində aparılan uzaqgörən xarici siyasət potensialı çox çətin sınaqlardan çıxdı. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Ölkəmizin başçısı bu istiqamətdə ağır çətinliklərlə qarşılaşdı, lakin yolundan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular, Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər. Azərbaycan dövlətinin başçısı qarşısına çıxan bütün problemlərin həllində müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümayiş etdirdi.
Ölkə başçısı İlham Əliyevin xarici siyasət sahəsindəki uğurlarının əsas səbəbi budur ki, o, müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilir. Fikrimizcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində uğurla saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır. Bununla İlham Əliyev ona “özü qədər inanan” ulu rəhbərin siyasi vəsiyyətini şərəflə doğruldur.
Hafiz Cavadov, YAP Cəlilabad rayon təşkilatının sədr müavini