“Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrliyi başa çatıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli “Twitter” hesabında yazıb.
“Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun iclasında iştirak edib. Yığıncaqda Azərbaycanın Forumdakı sədrliyinə yekun vurulub. Azərbaycan Foruma müvəffəqiyyətlə töhfə verdi və onun irəliləyişinə nail oldu”, – o bildirib.
Qeyd edək ki, Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi cari ilin yanvar ayından başlamışdı. Bundan əvvəl Azərbaycan 2005-ci ildə də Foruma sədrlik edib.
Xatırladaq ki, ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrlik il ərzində rotasiya qaydası ilə üç dəfə dəyişir.