• Ça. Noy 26th, 2024

Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur

ByVuqar Ferzeliyev

Apr 9, 2022

Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirib. Mətbuatda yazılanlardan aydın olur ki, görüşün nəticələri danışıqların uğurlu keçdiyini söyləməyə əsas verir. Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.
Onu da qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqların nəticələri barədə mətbuata verdiyi açıqlamadan da məlum olur ki, görüş konstruktiv keçib. Əslində, Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul edib. Bu baxımdan Brüssel görüşü İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsidir. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.
Avropa İttifaqı Şurası prezidentinin yekun bəyanatında iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı birgə komissiyanın yaradılması və delimitasiya prosesinə ilk növbədə başlanılması barədə razılığın əldə olduğunun vurğulanması, sərhəd bölgəsində gərginliyin aradan qaldırılması, sülh prosesinə süni əngəllər yarada biləcək təxribatların qarşısının alınması, prosesin intensivləşməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Görüdə iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib.

Hesab edirik ki, Brüsseldə keçirilən son görüş həm də ona görə əhəmiyyətlidir ki, artıq beynəlxalq ictimaiyyət də Minsk Qrupu formatının effektiv olmadığını təsdiq edir. Halbuki, Azərbaycan bunu uzun illərdir ki, ən yüksək tribunalardan səsləndirirdi. Azərbaycan bu məsələdə də öz istəyinə nail olur. Beləliklə, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.

Anar Sadatov, Cəlilabad RİH-nin baş məsləhətçis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir