• Ç. Noy 27th, 2024

Prezident İlham Əliyevin qələbəsi Azərbaycan xalqının qələbəsidir

ByYenigun.news

Apr 11, 2022

“Düz 4 il əvvəl, 2018-ci ilin aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı müdrik qərar verərək İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Azərbaycan seçicisi Prezidentə növbəti dəfə etimad göstərməklə davamlı inkişafa, güclü dövlət quruculuğuna, yüksək sosial rifaha, iqtisadi tərəqqiyə, sabitliyə, özünün işıqlı gələcəyinə, bir sözlə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısına səs verdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri millət vəkili Emin Hacıyev deyib.

O bildirib ki, son 4 ildə ölkəmiz öz müstəqillik tarixinin ən şanlı mərhələsini yaşadı:

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın ordusu darmadağın edilərək Qarabağımız, Şərqi Zəngəzurumuz öz azadlığına qovuşdu. 2020-ci il 10 noyabr tarixli Bəyanatla təcavüzkar Ermənistan öz məğlubiyyətini bütün dünyanın gözləri qarşısında etiraf etməyə məcbur oldu.

“Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” deyən Prezident hələ 2003-cü ilin oktyabrın 31-də əlini Konstitusiyaya və müqəddəs Qurani-Şərifə qoyaraq buna and içmişdi. Müzəffər Ali Baş Komandan Prezident kimi fəaliyyət göstərdiyi gündən etibarən gərgin əməyi nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Nəticədə bu gün işğaldan azad edilən ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkanına çevrilməsi və Böyük Qayıdışın reallaşması üçün tarixi addımlar atılır. Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirir. Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” tezisi də söz ilə əməlin vəhdətini ifadə edir. 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərindən sonrakı dövr sosial siyasət modelinin effektivliyini əks etdirən faktlarla zəngindir.

Belə ki, son 4 ildə Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı. Aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi daha da gücləndirildi. Çoxsaylı yeni iş yerlərinin açılması, işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi nümunəvi sosial siyasətin nəticəsidir. Hər zaman olduğu kimi, 2018-ci ildən bu yana xüsusi həssas kateqoriyadan olan insanlar – şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olundu. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli qəhrəmanlara, Vətən müharibəsi qəhrəmanlarına verilən təqaüdlərin məbləği artırıldı. Şəhid ailələri və müharibə əlilləri mənzil və evlərlə, minik avtomobillərilə təmin olundu. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan eyni zamanda COVID-19 pandemiyasından uğurla çıxan azsaylı dövlətlərdən oldu.

Ölkəmizdə pandemiyaya qarşı 3 istiqaməti – əhalinin həyat və sağlamlığının qorunması, əhalinin sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığın inkişaf etdirilməsini özündə əks etdirən mübarizə strategiyası bu qlobal bəlanın doğurduğu itkiləri minimuma endirməyə imkan verdi. Eyni zamanda pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara maliyyə dəstəyi göstərildi, işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə ödənişlər edildi. Bütövlükdə COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün 2,7 milyard dollar həcmində sosial-iqtisadi paket təqdim edildi. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçildi. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən onlarla ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etdi, ehtiyacı olan ölkələrə təmənnasız olaraq vaksin göndərdi. Pandemiya dövründə iqtisadi inkişafda geriləmənin qarşısını alan dövlətimiz tezliklə iqtisadiyyatda artımı təmin etdi. Yeni qlobal təsirlərə və şoklara baxmayaraq, ölkəmizin maliyyə imkanları genişləndirildi, strateji valyuta ehtiyatları artdı, regionların sosial-iqtisadi inkişafı ilə bağlı fəaliyyət davam etdirildi. Əvvəlki illərdə olduğu kimi, 2018-ci il aprelin 11-də keçirilə seçkilərdən sonra da Prezident İlham Əliyev regionların, o cümlədən Sumqayıtın inkişafına xüsusi diqqət ayırdı.

Sənaye şəhəri kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Sumqayıt, dövlət başçımızın qayğısı sayəsində bu gün müasir sənayenin çağırışlarına cavab verməkdədir. Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində verilən tapşırıqlara uyğun olaraq görülən işlər Sumqayıt şəhərində də öz bəhrəsini verir. Kimya Sənaye Parkı, Texnologiya Parkı, eləcə də digər müəssisələr yerli istehsalın genişləndirilməsi, idxalın əvəzlənməsi və ixracın artmasında getdikcə payını yüksəldir. Bütün bu nailiyyətlər isə ölkəmizin iqtisadi inkişafına xidmət göstərir. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – dövlətimizin başçısı ötən 4 ildə məhz bu baza prinsipinə əsaslanaraq, davamlı iqtisadi inkişafı təmin etdi.

2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu – TANAP qaz boru kəmərinin açılışı, 2020-ci il dekabrın 31-dən isə Trans – Adriatik Boru Kəməri – TAP layihəsi vasitəsilə Azərbaycan qazının Avropaya ixracının başlanılması ölkəmizin iqtisadi gücünü daha da artırdı. Bu gün ölkəmiz mühüm beynəlxalq enerji və nəqliyyat layihələrinin iştirakçısıdır. Bütün bunlar ölkəmizin beynəlxalq arenalarda mövqelərini daha da möhkəmləndirdi. Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və əldə olunan diplomatik uğurlar Azərbaycanı dünyanın ən mühüm siyasi və iqtisadi təşkilatlarının dəyişməz tərəfdaşı etdi. Dövlət başçımızın müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanı regional gücə və dünya siyasətində nüfuzlu aktora çevirdi.

Azərbaycan ötən müddət ərzində regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verib. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-cu ildən həmin təşkilata uğurla sədrlik etməsi buna bariz nümunədir. Ümumilikdə, ölkəmizin daxili və xarici siyasətində mühüm nailiyyətlər qazanan, güclü Ordu quruculuğuna nail olan, Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımızın dalğalanmasını təmin edən Müzəffər Sərkərdə – Prezident İlham Əliyev xalqımızın qürur mənbəyidir! Prezidentlə yanaşı, ən yaxın silahdaşı, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisi naminə çoxşaxəli fəaliyyəti ilə xalqımızın böyük sevgisini qazanıb.

Mehriban Əliyeva vətəndaş məmnunluğuna xidmət edən çoxsaylı layihələrin reallaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəniyyətimizin, zəngin tarixi irsimizin qlobal arenada təbliğ olunmasında əvəzsiz xidmətləri var. Qarşıda isə bizi yeni hədəflər gözləyir. Hazırda Ermənistanla sülh sazişinin imzalanması istiqamətində keçirilən görüşlərdə əldə olunan nəticələr də dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyinə, dünyada böyük nüfuzuna əsaslanır. Prezidentin siyasi-diplomatik səyləri tezliklə regionda sülh və təhlükəsizliyin bərqərar olacağından, kommunikasiya xətlərinin bərpa edilərək, Zəngəzur dəhlizinin reallaşacağından xəbər verir. Azərbaycan xalqı inandığı, etimad göstərdiyi Böyük Lideri ilə birgə hələ çox zəfərlərə imza atacaq!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir