“Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə ayyarımdan çoxdur ki, davam edir. Müstəqilliyimizi bərpa etməyimizdən 30 il keçməsinə baxmayaraq, bizim üçün bu, müstəqillik uğrunda müharibədir”.
Bu sözləri tanınmış ukraynalı diplomat, Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko Oxu.Az-a müsahibəsi zamanı deyib:
– Cəbhədən gələn məlumatlar göstərir ki, Silahlı Qüvvələrimiz uğurla işləyir, ölkəmizin bir çox əraziləri işğalçılardan azad edilib. Lakin düşmən mülki insanları bombalamaqda və öldürməkdə davam edir. Bəzi şəhərlər tamamilə məhv edilib, digərləri isə hazırda işğal altındadır, sudan, qidadan və humanitar yardımdan məhrumdur. Bunu dəyişmək üçün əlimizdən gələni edirik.
– Bununla belə, danışıqlar gedir. Tərəflərin mövqeləri necədir? Rusiya Krımın statusu və qondarma “LXR” və “DXR” ilə bağlı məsələ qaldırır, Ukrayna tərəfi isə birmənalı olaraq buranın Ukrayna ərazisi olduğunu bəyan edir…
– Danışıqların iştirakçısı olmadığım üçün bu barədə söz demək mənə çətin gəlir. Ancaq bunları deyə bilərəm. Rusiya Federasiyası ilə danışıqlarda Ukraynanın mövqeyi güclüdür. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və digər rəsmi şəxslər bəyan ediblər.
Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə əlaqəli dəyişikliklərə aid olan məsələləri müzakirə etmirik. Biz təhlükəsizlik zəmanətlərindən bəhs edirik. Bu, beynəlxalq müqavilə olmalıdır, zəmanət verən ölkələr isə beynəlxalq hüquq çərçivəsində olduğu kimi onu ratifikasiya etməlidirlər. Bu zəmanətlər hətta Şimali Atlantika Müqaviləsi ölkələri üçün olandan da daha güclü və aydın olmalıdır. Bizə hər şeyə hazır olan ciddi oyunçular lazımdır.
Bizə 24 saat ərzində istənilən silahı təmin etməyə hazır olan dövlətlər çevrəsi lazımdır. Belə ki, Rusiya Federasiyasından təhlükə hiss etdiyimiz ilk saniyədə bu dövlətlər birləşərək həmin tərəfin istənilən fəaliyyətdən imtina etməsi üçün üç sutka ərzində hər şeyi (sanksiyalar və bir sıra digər tədbirlər) bir anda tətbiq etməlidirlər.
Ukrayna danışıqlarda müvəqqəti işğal olunmuş ərazilərdən danışır, lakin bu, rusiyalıların müzakirə etmək istədiyi mövzu deyil. Düşünürəm ki, Krımın işğaldan azad edilməsi məsələsini diplomatiya yolu ilə həll etmək üçün bizə bir qədər vaxt lazımdır. Hələ tərəflərin müzakirə etdiyi çox məsələlər var. Amma indi bizim üçün əsas məsələ atəşkəs, raket zərbələrinin dayandırılması və Rusiya qoşunlarının bütün ərazimizdən çıxarılmasıdır.
– Rusiya qoşunlarının Ukraynanın şimalından, Kiyev və Çerniqovdan geri çəkilməsi qələbədirmi? Bu, Ukraynanın diplomatik mövqeyini gücləndirirmi?
– Belə deyim: müharibə zamanı hərbçilərdən çox şey asılıdır. Bizim diplomatiyamız və bütün ölkə ümumi uğur üçün çalışırlar. Siz Rusiya qoşunlarının geri çəkilməsindən danışdınız. Amma mən bunu bu cür adlandırmazdım. Bu, Rusiya ordusunun həmin istiqamətdə məğlubiyyəti və Ukrayna Silahlı Qüvvələrinin uğurudur. Ancaq kədərli bir uğurdur. Bir sıra yaşayış məntəqələrinin azad olunmasından sonra gördüklərimiz bizi sadəcə şoka saldı. Bu, dəhşətdir, bu, soyqırımıdır. Bu, təkcə Ukraynanın diplomatik mövqeyini deyil, hər şeyi dəyişdi.
Bütün dünya Rusiyanın əsl üzünü gördü. Bu, təkcə Ukraynaya deyil, bütün dünyaya vurulmuş zərbədir. İnsan həyatı ən böyük dəyərdir, heç kimin bunu beləcə almağa haqqı yoxdur. Bundan sonra prezidentimizin dediyi kimi:
“Ukraynada sülh qələbəsiz mümkün deyil, qələbə isə Ukrayna ordusunun hərbi əməliyyatları ilə paralel olaraq diplomatiya yolu ilə də əldə edilə bilər. Ordumuz hər gün döyüş addımlarını nümayiş etdirir, lakin bu, asan deyil. Biz milyonlarla insanı itirmək istəmirik, ona görə də bu və ya digər dialoq olmalıdır”.
– Bəs beynəlxalq ictimaiyyətin reaksiyası nə dərəcədə adekvat oldu? Dost ölkələrin dəstəyi hiss edilirmi?
– Beynəlxalq ictimaiyyət də bizim kimi bu müharibəni istəmirdi. Bəzi ölkələrdə inanmırdılar ki, biz tab gətirə bilərik. Onların da Rusiyada olduğu kimi Ukrayna ilə bağlı eyni yanlış hesablamaları və təsəvvürləri var idi. Bu isə başqa məsələdir.
Sanksiyalara və beynəlxalq ictimaiyyətin ilk reaksiyasına gəlincə, mən nə deyə bilərəm? Ukrayna diplomatiyasına, dostlarımıza və tərəfdaşlarımıza təşəkkürlər. Sanksiyalar tətbiq edilib, bu, yaxşıdır, ancaq sanksiyalar Rusiyanın hücumundan əvvəl olsaydı, daha yaxşı olardı. Biz fevralın 24-nə – hücum başlayana qədər aylarla bu barədə danışdıq. Ancaq fakt faktlığında qalır.
Bundan sonra da çalışmaq lazımdır. Bu gün hamı “rus dünyası”nın əsl qeyri-insani üzünü, Buçaya, İrpenə, Borodyankaya, Xarkova, Melitopola bəxş etdiyi kədər və dağıntıları gördü. Hələ Mariupolda nələr görəcəyimizi təsəvvür etməyə belə qorxuram.
Bu soyqırımından sonra bütün dünya təxirəsalınmaz şəkildə vahid cəbhə olaraq Ukraynanın tərəfində çıxış etməlidir. Torpağımıza gəlmiş, xalqımıza kədər və iztirablar yaşadan bu müsibətə qalib gəlmək üçün silah və vasitələr almalıyıq. Bu gün Ukrayna bütün demokratik dünyanı müdafiə edir. Biz mütləq qalib gələcəyik, qələbə bizim olacaq! Yaşasın Ukrayna!
Nair Əliyev