BMT-nin İnkişaf Proqramı ANAMA ilə birgə əməkdaşlığın növbəti mərhələlərini özündə ehtiva edən yol xəritəsi hazırlanacaq.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMTİP-nin müvəqqəti işlər vəkili Suxrob Xojimatov deyib.
Onun sözlərinə görə, hazırda bir çox ölkələrdən bu əməkdaşlığa dair müraciətlər var və BMTİP çalışır ki, bu maraqları nəzərə alaraq bu əməkdaşlıqları yol xəritəsində əks etdirsin.
“Yol xəritəsindən danışdıqda sözsüz ki, burada ANAMA-nın daha müasir texnologiyaların, daha müasir standartlardan istifadə edərək minatəmizləmə işlərinin aparılmasından ibarətdir. Çünki ənənəvi üsullarla, əvvəlki üsullarla minatəmizləmə işlərinin aparılması effektivliyi daha az kəsb edir. Müasir üsullar bunu daha sürətləndirir. Bilirsiniz ki, ANAMA artıq donlardan istifadə edir, rəqəmsal texnologiyaların tətbiqi var. Bütün bunları özündə əks etdirən yol xəritəsi olacaq ki, bu da ANAMA-ya keyfiyyət baxımından daha geniş miqyaslı minatəmizləmə əməliyyatlarının aparılmasına xidmət edəcək”, – deyə Suxrob Xojimatov qeyd edib.