“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığımız peşəkar və konstruktiv məcrada keçdi”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub.
Nazir xatırladıb ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur.
“Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir”, – XİN başçısı vurğulayıb.
Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir.