Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bu gün Moldovaya yola salınıb.
Oxu.Az xəbər verir ki, məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat məbləğində (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.
İlhamə Əbülfət