“Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini xarici ölkələrdə təbliğ və təmsil etmək ümdə vəzifələrimdəndir. Çünki bu sahədəki təbliğat işlərində dəstəyə ehtiyac var”.
Bu fikirləri “Report”a açıqlamasında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən azərbaycanlı, San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, mahir kamança ifaçısı və müəllimi İmamyar Həsənov deyib.
Onun sözlərinə görə, ABŞ-da yaşayıb peşəkar şəkildə fəaliyyət göstərən şəxslərdən biridir:
“Amerikanın tanınmış universitetlərində ustad dərsləri keçir və konsertlər verirəm. Azərbaycanın mərhum Xalq artisti, pianoçu Çingiz Sadıqov dünyasını dəyişəndən sonra özümü bir müddət tənha hiss etdim. Çünki onunla birgə bir neçə mükəmməl səsyazmalarımız var idi. İndi də Azərbaycan kökənli soydaşımız Fərhad Xudiyev və qardaşları ölkə musiqimizi geniş şəkildə təbliğ edirlər. Birgə layihələrimiz də var. Bundan sonra musiqi mədəniyyətimizi daha yüksək səviyyədə tanıtmaq üçün səylərimizi əsirgəməyəcəyik”.
Qeyd edək ki, Azərbaycan musiqisini və kamança alətini təbliğ edən İ.Həsənov Stenford, Juliyard, İndiana, Corc Vaşinqton, Corctaun universitetlərində və San-Fransiskodakı orta məktəblərdə bu işlə məşğuldur.