• Ça. Noy 26th, 2024

Qriqoryanın səfeh xəyalları: Sülhməramlıların belə Qarabağda müvəqqəti olduğunu dərk etməyən “siyasətçi”…

ByYenigun.news

Apr 22, 2022

Ermənistanda 44 günlük müharibənin nəticələrini düzgün qiymətləndirə bilməyən, hələ də özlərinin formalaşdırdıqları dırnaqarası miflərə inanmaqda israr edən “siyasətçi”lər cəfəng açıqlamalar verməkdə davam edirlər.

Regionda yaranmış yeni reallıqları və Azərbaycanın söz sahibi dövlət olması faktını həzm edə bilməyən erməni “siyasətçi”lər hələ də xəyallar aləmində yaşamaqda israr edirlər.

Növbəti cəfəng açıqlaması ilə özünü erməni xislətinə xas riyakarlıq nümayiş etdirən şəxs Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan olub.

O, Qarabağda təhlükəsizliyin təmin olunması üçün mövcud mexanizmlərin kifayət etmədiyi fikirini səsləndirib və buna nümunə olaraq Fərruxda baş vermiş hadisəni nümunə göstərib. Görünür, Azərbaycanın öz suveren ərazilərində istənilən fəaliyyəti icra etməkdə sərbəst olduğunu dərk edə bilməyəcək qədər cılız, şovinist düşüncəyə malik olan bu şəxs həm də hadisələrdən düzgün nəticə çıxarmaq iqtidarında deyil. Azərbaycan dövlətinin qüdrətinin istənilən an erməni faşizminin, separatizminin başını əzmək iqtidarında olduğunu anlamaq istəməyən bu erməni “siyasətçi” öz açıqlaması ilə eyni zamanda Rusiyaya da üstüörtülü irad bildirməyə cəhd edir.

“Əgər biz təhlükəsizlik təminatlarından danışırıqsa, o zaman burada heç olmasa müəyyən müddətə beynəlxalq iştirak olmalıdır. Biz əlavə təhlükəsizlik zəmanətləri əldə etmək istəyirik”, – deyə A.Qriqoryan sərsəm bəyanatında bildirib.

Hər nə qədər A.Qriqoryan bu çıxışında hansısa xarici kontingenti nəzərdə tutmadığını iddia etsə də, riyakar erməni “siyasətçi”nin sözlərində sətraltı mənanı sezmək elə də çətin deyil.

Hər vəchlə sülh prosesinə əngəl yaratmaq əzmində olan bu cür simaların açıqlamaları Azərbaycanın sülh təşəbbüslərinə qarşı yönəlmiş birbaşa təxribatlar hesab olunmalıdır.

Görünür, A.Qriqoryan regionda Rusiya sülhməramlıları ilə yanaşı hansısa digər bir (Ermənistanın himayədar hesab etdiyi) dövlətin kontingentinin olması xülyasına qapılıb. Bu çıxışı ilə eyni zamanda Rusiya sülhməramlılarına da hansısa formada təzyiq göstərmək potensialına sahib olmağa iddia edir.

Ancaq regionumuzda Azərbaycanın söz sahibi olduğu yeni reallıqlar bu cür xülyalara qapılmaq imkanlarını sıfıra bərabər edib. Burada hansısa xarici kontingentin əlavə cəlbi bir yana qalsın, Azərbaycan dövləti tezliklə sülhün bərqərar olmasına və Qarabağda sülhməramlı missiyaya ehtiyac olmayacağı bir mühitin yaradılmasında maraqlıdır. Yəni, Azərbaycan torpaqlarında heç bir halda sülhməramlı missiyanın ömrü ermənilərin “ümid etdiyi” kimi sonsuz ola bilməz. Bu birmənalı həqiqətdir və bu həqiqətin dərk edilməsi ermənilərin özlərinin xeyrinədir.

A.Qriqoryan öz cəfəng düşüncə tərzinə görə əlavə təhlükəsizlik zəmanətləri istəyə, bunun üçün Rusiya sülhməramlılarından əlavə hansısa kontingenti xəyal edə bilər. Ancaq reallıq budur ki, Azərbaycan öz suveren ərazilərində təhlükəsizliyin yeganə təminatçısıdır. Sülhməramlılar isə Azərbaycan ərazilərində müvəqqəti xidmət aparır.

Erməni “siyasətçi”lərin dilindən regionda hansısa əlavə xarici kontingentlə bağlı çıxışları yeni hesab etmək olar. Əslində, bu cür axmaq və bir o qədər də real olmayan düşüncə məhsulunu erməni siyasəti üçün normal hal hesab etmək olar. Amma istənilən halda A.Qriqoryanın “yuxusunda gördüyü darının” onunkimilər üçün yarada biləcəyi fəsadları xatırlatmaqda fayda var.

Azərbaycan dövləti və onun qüdrətli ordusu öz suveren ərazilərində təhlükəsizliyin əsas qarantıdır. Rusiya sülhməramlıları isə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına istinadən regionda müvəqqəti əsaslarla fəaliyyət göstərir. Azərbaycan dövləti sülhün tezliklə bərqərar olmasında maraqlıdır və bu fonda əks təşəbbüslərin hər birinə adekvat cavab vermək imkanına sahibdir.

Sadə dildə desək, A.Qriqoryanın “ac toyuq” xəyalları sadəcə onun xəstə təxəyyülünün məhsulu ola bilər. Mövcud reallıqlar və Azərbaycanın qüdrəti isə Ermənistan dövlətinin və onun “siyasətçi”lərinin Qarabağla bağlı hər hansı bir iddia, təşəbbüs irəli sürməsini mümkünsüz edib. A.Qriqoryanın “əlavə zəmanət” istəyinin arxasında dayanan düşüncəni tam olaraq anlamaq üçün onun xəstə təfəkkürünə sahib olmaq gərəkdir. Azərbaycanın qüdrətinin fonunda Ermənistanın acizliyini, bu cür çıxışların sadəcə “səs-küydən” ibarət olmasını dərk etmək isə çox sadədir…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir