• Ça. Noy 26th, 2024

Çarəsizlik və ya həqiqəti dərk: Ermənilər müxalifətin separatçı aksiyalarına qoşulmaqdan imtina edir – VİDEO

ByYenigun.news

Apr 25, 2022

Ermənistan müxalifəti artıq günlərdir separatçı iddialarla ölkədə “etiraz aksiyaları” keçirir.

İlk fürsətdə əhalinin kütləvi şəkildə küçələrə axışacağını zənn edən və separatçı fikirlərin bu prosesdə katalizator rolunu oynayacağına böyük ümidlər bəsləyən erməni müxalifəti fiasko ilə üzləşib.

Üstəlik, erməni müxalifətinin aciz vəziyyətə düşməsini sadəcə meydana çıxan 5-10 nəfər deyil, həm də ölkədə keçirilən sosial sorğunun nəticələri də təsdiqləyib.

Sorğu iştirakçılarının mütləq əksəriyyəti müxalifəti (dolayısı ilə separatçı ideyaları) dəstəkləmədiklərini və Ermənistan hökumətinin mövqeyinin arxasında dayandıqlarını qeyd ediblər.

Yəni, Ermənistan əhalisi artıq çətin də olsa, sülhə yönəlməyə başlayıb. Bu prosesdə, sözsüz ki, Azərbaycanın regiondakı qüdrətinin ermənilər arasında yaratdığı qorxu və ümidsizlik də az rol oynamayıb.

Ancaq istənilən halda sorğu onu göstərir ki, ermənilər arasında artıq dinc həyatı seçməyə başlayanlar üstünlük təşkil etməyə başlayır. Üstəlik bu kəsim daxildəki təxribatçı və revanşist qüvvələrə də kor-koranə tabe olmaqdan boyun qaçırır.

Azərbaycanın qətiyyətli mövqeyi, mütləq qalib olmasına baxmayaraq, sülh naminə Ermənistan tərəfinə verilmiş şanslar, görünür, erməni xalqının şüuruna da müsbət təsir göstərməyə başlayıb.

İstər çarəsizlikdən olsun, istərsə də həqiqəti dərk etdiyi üçün Ermənistan əhalisi arasında keçirilən sorğu ölkədə əsasən revanşizm iddiaları üzərindən öz təbliğatını qurmağa çalışan müxalifətə ağır zərbə olub. Müxalifətlə əməkdaşlığa böyük ümidlər bəsləyən erməni separatçılar da növbəti dərs olub.

Ölkədə xəstə təxəyyül məhsulu ideyaların əsirinə çevrilmiş müəyyən bir qrupun həqiqətləri görməkdən imtina etdiyi bir vaxtda Ermənistan əhalisi arasında bu cür meyli müsbət hesab etmək olar. Hər halda bu cür yanaşma Ermənistan dövlətinin gələcək taleyi üçün də həlledici əhəmiyyətə malik ola bilər. Çünki Azərbaycan dövləti bütün hallarda regionda erməni separatizminin baş qaldırmasına imkan verməyəcəyini açıq şəkildə bəyan edib.

Belə olan halda isə erməni müxalifəti kimi İrəvanda oturub pafoslu, lakin reallıqdan tam uzaq ideyalarla siyasi təzyiq imkanları əldə etmək cəhdləri əvəzinə, Azərbaycanın verdiyi fürsətdən maksimum istifadə edərək sülhə yönəlmək erməni xalqı üçün ən düzgün seçim hesab olunmalıdır.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir