Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması, yeni infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında deyib.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyanatdan irəli gələn razılaşmaların həyata keçirilməsinə baxdıqda yaxşı perspektivlər açılır.
O, Azərbaycan və Rusiya arasında nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər barədə danışıb.
“Azərbaycanla Rusiya arasında fəaliyyət göstərən sərhəd-keçid məntəqələrindən biri olan Şirvanlı-Novafilya sərhəd-keçid məntəqəsi martın 28-dən etibarən 24 saatlıq iş rejiminə keçib. Samur-Yarat sərhəd-keçid məntəqəsindəki təmir və genişləndirilmə işlərinin tamamlanması bizim ticarət dövriyyəmizin artmasına əlavə impuls verəcək”, – Baş nazirin müavini deyib.
Onun sözlərinə görə, ötən illərin statistikası göstərir ki, qarşılıqlı yükdaşımalarda həm ikitərəfli , həm də tranzit yükdaşımalarda artım var:
“Bununla yanaşı, üçüncü ölkələrdən və ya ölkələrə azərbaycanlı yükdaşıyıcıları üçün icazələrin verilməsində defisit var”.