• Bz. Noy 24th, 2024

Prezidentdən beynəlxalq ictimaiyyətə mesaj: Ərazi bütövlüyünün toxunulmazlığının əhəmiyyəti – ŞƏRH

ByYenigun.news

Apr 29, 2022

Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda növbəti dəfə beynəlxalq ictimaiyyətə verdiyi önəmli mesajlarla diqqət çəkdi.

Dövlət başçısı öz sözləri ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin bütün dünya üçün nümunə təşkil etdiyini bir daha xatırlatmış oldu:

“Qərbdən olan tərəfdaşlar mənə deyirdilər – siz məğlub olmusunuz, torpaqlarınızın işğalını qəbul etməlisiniz, ərazi bütövlüyü məsələnizə yenidən baxmalısınız. Ancaq mən həmişə “xeyr” cavabını verirdim! Bu işdə inadkar, qətiyyətli olduğum üçün məni tənqid ediblər”.

Azərbaycan Prezidenti çıxışı zamanı Ukraynadakı hadisələr fonunda verdiyi tövsiyələrlə də birbaşa olaraq ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin qlobal əhəmiyyətini növbəti dəfə vurğuladı. Bununla da dünya ölkələrinin bir-birilərinə münasibətdə gözləməli olduğu prinsiplər sırasında məhz bu amilin ilk cərgələrdə dayanmış olduğunu qeyd etdi.

Azərbaycan lideri Ukrayna üçün tövsiyə olaraq “beynəlxalq strukturların qətnamələrinə fikir verməyin, onların heç bir təsir gücü yoxdur” fikrini səsləndirməklə əslində beynəlxalq ictimaiyyətdə hökm sürən və Azərbaycanın uzun illər əziyyət çəkdiyi ikili standartlarla bağlı da dəfələrlə verdiyi mesajını təzələmiş oldu.

Demək olar ki, bütün beynəlxalq platformalarda Azərbaycana qarşı beynəlxalq ictimaiyyətdə göstərilmiş ikili yanaşmanın fəsadlarından bir çox dəfə danışan dövlət başçısı qeyd olunan fikirləri ilə də münaqişələrin həllində beynəlxalq ictimaiyyətin vahid yanaşmasının mühüm rol oynadığını, laqeyd münasibətin bütün dünyada münaqişələrin uzun müddət davam etməsinə sadəcə olaraq zəmin yaratdığını vurğuladı.

Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə əla münasibətlərinin olduğunu vurğulayan İlham Əliyev beynəlxalq mexanizmlərin işlək olmadığına vurğu etməklə, həmçinin iki dövlət arasındakı problemli məsələlərin gec-tez təkbətək danışıqlar vasitəsilə həllinin mümkün olacağını söylədi.

Beləliklə, İlham Əliyevin Ukraynadakı hadisələrlə bağlı suala cavab verərkən əslində bütün dünyadakı münaqişələrin həlli üçün real və təsirli mexanizmi göstərmiş oldu: dövlətlərarası münasibətlərdə ərazi bütövlüyünün toxunulmazlığı əsas prinsip olmalıdır, beynəlxalq mexanizmlər heç də hər zaman həlli yaxınlaşdırmır, nəhayət dövlətlər arasındakı problemlərin yekun həlli məhz birbaşa dialoq vasitəsilə mümkün olur.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir