• C. Noy 29th, 2024

Rusiya-Ukrayna qarşıdurması: Növbəti dünya müharibəsi – ŞƏRH + FOTO

ByYenigun.news

May 10, 2022

Ötən gün dünyanın faşizm üzərində qələbə qazandığı gün idi. Bu qələbə bir dövlətin və ya bir millətin deyil, böyüklü-kiçikli bütün ölkələrin şər, irqçilik, şovinizm, faşizm, hegemonluq və insanlığa qarşı başqa cinayətlər üzərində qələbə idi. Həmin il sentyabrın 2-də isə İkinci Dünya müharibəsi bitdi.

Son 200 ildə və ondan əvvəllər böyük dövlətlər bir-biri ilə döyüş meydanlarında, ərazilərində, yaxud müstəmləkə torpaqlarında üz-üzə gəlib döyüşürdü. Bunu hadisələrdən sonra Birinci, İkinci Dünya müharibələrinə böldülər.

Rusiya 2022-ci il fevralın 24-dən Ukrayna ilə müharibə edir. Buna hibrid müharibə deyənlər də var. Ancaq fikrimizcə, bu, artıq o səviyyəni aşıb. Müharibənin miqyası sosial-iqtisadi baxımdan genişlənib. Bu savaşdan dünyanın bir çox ölkələri ziyan görürlər. Bu istiqamətdə proses davam edir. Odur ki, təbii olaraq belə bir sual yaranır: Rusiya-Ukrayna savaşı üçüncü dünya müharibəsi sayıla bilərmi? Yaxud üçüncü dünya müharibəsinin başlamasına səbəb olarmı?

İkinci Dünya müharibəsi bitdikdən sonra Qərblə keçmiş SSRİ arasında “soyuq müharibə” illərində müxtəlif ölkələrin ərazilərində silahlı qarşıdurma gedirdi. Həmin savaşların heç birində sovetlər qalib gəlməyib. Onların ən “uzun ömürlüsü” Vyetnam müharibəsi sayılır. Bu döyüşlərdən ABŞ məğlub çıxıb. Vyetnamlılar qalib gəlib birləşdilər. SSRİ dağıldıqdan sonra onun varisi sayılan Rusiya ilə bir blokda qalmadılar. Ölkə müharibədən əvvəlki kimi yenə üzünü Qərbə tutdu. Başqa sözlə, 30 illik müharibədən keçən Vyetnam Rusiyanı deyil, Qərbi seçib.

Hətta yarızarafat-yarıciddi deyirdilər ki, üçüncü dünya müharibəsindən sonra dördüncü deyil, birinci dünya müharibəsi olacaq. Niyə? Çünki üçüncüdə dövlətlər nüvə və kütləvi qırğın silahları ilə bir-birini məhv edəcək, bundan sonra dünya yenidən qurulacaq və s. Ancaq 1945-ci ilin avqustunda ABŞ Yaponiyaya atom bombası atdıqdan sonra dünya bundan imtina etməyə üstünlük verdi.

Ukrayna müharibəsi zamanı da Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair fikirlər və ehtimallar səslənir. Ancaq bu ağılsız addımı hər hansı tərəfin indiki şəraitdə atacağı ehtimalı çox azdır. ABŞ və Qərb dövlətləri İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, bir tərəfə, indiki şəraitdə Ukraynaya münasibətdə belə həmrəylik nümayiş etdirirlər. Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbir bunu təsdiqləyir. Həmin toplantının nəticəsi olaraq, Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplandı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləyiblər. Hadisələr göstərir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlərin sayı çoxdur. Daha doğrusu bu müharibədə heç bir dövlət Rusiyaya haqq qazandırmır. Onun müttəfiqləri sayılan Çin və İran belə NATO-nu, Qərbi vəziyyətin bu yerə gəlib, çatmasında qınasalar da, Rusiyanın haqlı müharibə apardığını açıq-aşkar bəyan etməyiblər.

Çin və İranın bu və ya başqa şəkildə ona yardımı istisna olarsa, bu qarşıdurmada Rusiyanın havadarı yox dərəcəsindədir. O zaman Rusiyanın dünya dövlətlərinin çoxunun silah, maliyyə, sursat, hərbi texnika və s. cəhətdən yardım etdiyi Ukrayna ilə müharibəsini necə adlana bilər? Fikrimizcə, bu 3-cü dünya müharibəsidir. Bütün göstəricilərinə və xarakterinə görə bu qərblə Rusiyanın müharibəsidir. Başqa sözlər 3-cü dünya müharibəsidir.

Qeyd edək ki, ötən hər iki müharibə Avropadan qaynaqlanıb. Hər ikisinin başlıca hədəfi Rusiya və SSRİ (Rusiya indi onun varisidir) olub. Bu savaşlardan birində Çar Rusiyası dağıldı. Yerində müstəqil dövlətlər yarandı. Onları bolşeviklər işğal etdikdən sonra isə yarımmüstəqil müttəfiq respublikalar quruldu. İkinci dünya müharibəsində isə dünyanın aparıcı gücləri faşizmə qarşı mübarizə aparan dövlətlərə, o cümlədən Sovet İttifaqına yardım edirdi. Bu hərbi, sosial, siyasi yardımların, dünyanın həmrəyliyinin, birliyinin nəticəsində insanlıq faşizm kimi bəladan xilas oldu.

İkinci dünya müharibəsi Polşaya hücumla başlamışdı. Rusiya 2022-ci il fevralın 24-də açıq-aşkar şəkildə Ukrayna ərazisinə qoşun yeritdi. İkinci dünya müharibəsində Hitler Avropanı bir neçə aya, Sovet İttifaqını da “İldırım” sürəti ilə tutacağını zənn edirdi.

Rusiya elə hesab edirdi ki, Kiyevə bombalamaqla Ukrayna hakimiyyətinin qorxudacaq. Onlar meydandan qaçacaq və indiki hakimiyyəti öz tərəfdarı ilə əvəzləyəcək və bundan sonra Ukraynadan arxayın olacaq. Ancaq bu baş vermədi. Ukrayna hakimiyyəti işğala qarşı mübarizəyə qalxdı. Dünya 83 il əvvəl olduğu kimi işğala qarşı mübarizəyə qalxıb, azadlığın müdafiəsinə qalxıb.

Faşizmin yayılmasının qarşısının alınması üçün müharibədə birbaşa iştirak edən və əziyyət çəkən dövlətlərə yardım edilirdi. Ukraynanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi güclülərin özündən zəifləri zor yolu ilə öz nüfuzu altında saxlamağa cəhdə qarşı həmrəylikdir. Ukraynadakı müharibə Rusiya ilə Qərb arasında ziddiyyətlərin zirvəsidir. Çünki onların bir-birinə qarşı başqa şəkildə savaşması imkanı yoxdur. Yəni ABŞ, Böyük Britaniya, Almaniya və Fransa açıq şəkildə Rusiyaya qarşı müharibə başlamaq istəmir. Odur ki, Ukraynanın NATO və Avropa İttifaqına üzv olmaq istəyi, Moskvanın buna qarşı çıxması ziddiyyətlərin toqquşması üçün qığılcım oldu.

Əslində, Ukrayna bolşevik işğalından əvvəl, İkinci Dünya müharibəsi illərində belə müstəqil olmağa can atıb, Avropaya inteqrasiyaya üstünlük verib. İndi də belədir. Qərblə Rusiyanın ziddiyyətinin toqquşması nəticəsində Ukrayna əhalisi əziyyət çəkir, minlərlə günahsız dinc sakin, uşaq, qadın, yaşlı, xəstə həlak olur, öz torpaqlarını işğaldan qoruyan ukraynalı hərbçilər, müdafiəçilər ölür. Bu müharibə Rusiyaya da ucuz başa gəlmir. Rusiya 75 gün ərzində 26 min hərbçisini artıq itirib. İndiki şəraitdə Ukraynanın dirçəlməsi üçün 600 milyard dollar maliyyə vəsaitinə ehtiyac olduğu bildirilir. Ərazisində müharibə getməsə də, Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan dəydiyi istisna edilmir.

Bu savaş dünya iqtisadiyyatına da təsirsiz ötüşməyib. Qlobal taxıl tələbatının 1/3 hissəsi, günəbaxan yağının isə 2/3 hissəsi Rusiya və Ukraynanın payına düşür. Əsasən, Yaxın Şərq və Afrikanın şimalındakı ölkələrin ərzaq təhlükəsizliyi Rusiya və Ukraynadan asılıdır. Dünyada enerjidaşıyıcılarının təhlükəsizliyində də ciddi problemlər yaranıb. Qlobal iqtisadiyyatın üzləşdiyi problemlər və dəyən ziyan bundan sonra da müzakirə olunacaq. Bu da müharibənin xarakter etibarilə dünya savaşı olduğunu təsdiqləyir. Mayın 9-da ABŞ Prezidenti Cozef Bayden Ukraynaya limitsiz silah-sursat verilməsinə dair qanunu imzalayıb. Yenə meydanda Rusiya var. Ancaq bu dəfə qanun ona qarşıdır. Qanuna əsasən, belə ehtimal etmək olar ki, ABŞ müharibəni Ukraynanın xeyrinə bitirənədək davam etdirəcək. Bundan başqa, Cozef Bayden Ukraynaya əlavə dəstək məqsədilə 33 milyard dollar ayrılması üçün Konqresə müraciət edib.

Tarix təkrarlanır. 1941-ci il martın 11-də ABŞ-ın ovaxtkı prezidenti Franklin Ruzvelt faşist Almaniyasına qarşı mübarizədə müttəfiqlərini (o cümlədən SSRİ-ni) dəstəkləyərək onlara limitsiz silah-sursat verilməsi haqqında qanunu imzalamışdı. Əvvəlcə Böyük Britaniya və Çin hərbi yardım alıb. 1941-ci ilin noyabrında proqram Sovet İttifaqını da əhatə edib. Müharibənin sonuna yaxın anti-Hitler koalisiyasına üzv dövlətlərin, demək olar ki, hamısına bu qanun tətbiq edilib. 1942-ci ildə Stalinqradda müharibədə dönüşün yaranması ABŞ-ın limitsiz silah qanunu ilə əlaqələndirilir.

Düzdür, Ukrayna SSRİ, Rusiya faşist Almaniyası, Vladimir Putin isə Hitler deyil. Zaman dəyişib. İndi faşizm iddiası əsasında ziddiyyətin, qarşıdurmanın yaranması da gülünc görünərdi. Heç Rusiya da Ukraynaya qarşı müharibə elan etməyib. Ancaq bütün ziddiyyətlər, aktorların davranışı, ritorikası, itkilər, qaçqınlıq, bir tərəfin bütün istiqamətlərdə daha çox dəstəklənməsi və s. baş verənləri güclər arasında qarşıdurmanın təzahürü kimi dəyərləndirməyə əsas verir. Bu toqquşma müharibə ilə nəticələnir. Odur ki, Ukraynada dünya müharibəsinin getdiyini tərəddüdsüz demək olar.

Dünya insanların qurduğu ən böyük cəmiyyətdir. Dövlət də insanların qurduğu ən ali təşkilatdır. İnsanlar arasında fikir toqquşmasından mübahisə yaranır. Bu ziddiyyət danışıqlarla həll edilməyəndə əlbəyaxa davaya səbəb olur. Nəticə olaraq insanlar arasında ziddiyyətin toqquşmasından dava düşür. Odur ki, dövlətlərdə insanların emosiyası və ağlı ilə idarə edilir. Dövlətlərarası ziddiyyətlər danışıqlar yolu ilə həll edilməyəndə müharibə baş verir. Elə Rusiya da təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ukraynanın təhlükəsizliyini pozub, Avropa İttifaqını, ABŞ-ı təhdidetmə yolunu tutdu. Nəticədə nüvə və kütləvi qırğın silahı tətbiq edilmədən də dünya müharibəsi başladı…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir